YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gəncliyi şərəf və ləyaqət simvoluna çevrilib

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hər bir cəmiyyətin, xalqın və ölkənin taleyində aparıcı – həlledici rol oynayan qüvvələrdən biri gənclərdir. Gənclik enerjisi quruculuğa yönləndiriləndə, onların potensialından zamanında, yerində və səmərəli istifadə olunanda rifah, inkişaf, firavanlıq əldə etmək, etibarlı gələcək inşa etmək mümkün olur. Azərbaycan xalqı da bu baxımdan şanslı və xoşbəxtdir. Çünki ölkəmizdə sağlam, milli dəyərlər əsasında və vətənpərvərlik ruhunda gəncliyin formalaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqət, qayğı göstərilir.

Biz haqlı olaraq qeyd edirik ki, Ümummilli Liderimiz Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Çünki O, qüdrətli dövlət yaratmağa müvəffəq olub, gələcəyin Azərbaycanını inşa edib, həmçinin xalqımızın, dövlətimizin sabahı olan sağlam gəncliyin formalaşması naminə misilsiz işlər görüb. Ümummilli Lider Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Bu gün fərəh və məmnunluq hissi ilə qeyd etdiyimiz 2 Fevral – Gənclər Günü Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən elan edilib. Bu, dahi şəxsiyyətin gəncliyin inkişafına xüsusi diqqətinin, tükənməz qayğısının göstəricisidir. Ulu Öndər gəncliyin inkişafı ilə əlaqədar çox mühüm fərman və sərəncamlar imzalayıb, ölkəmizdə müasır çağırışlara uyğun dövlət proqramları icra olunub.

Müasir çağırışlara və reallıqlara əsaslanan bu siyasət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, bir çox layihə və proqramların reallaşdırılması gənclərin müxtəlif sahələrdə fəallığının artmasına, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsinə geniş imkanlar yaradıb. Ən əsası, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz üzərinə düşən vəzifəni – Vətən borcunu layiqincə yerinə yetirməklə şərəf və ləyaqət simvoluna çevrilib. Bu, Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin siyasətinin böyük uğuru, xalqımızın isə qürur mənbəyidir. Əminliklə demək olar ki, Ulu Öndərin ideyalarına sadiqliyi ilə seçilən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gəncliyi bundan sonra da Vətən – qalib və qüdrətli Azərbaycan naminə böyük nailiyyətlərə imza atacaq!