YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə sahibkarlarla görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və “Gəncə İş Adamları” İctimai Birliyinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, “Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov, “BSC” (Business Service Centre) MMC – nin direktoru Zaur Mütəllimov, BMT-nin layihələr üzrə koordinatoru İlkin Əliyev və 60-dan çox sahibkar iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Ramil Orucov çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılmasından danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyası ölkənin davamlı və tarazlı inkişafını təmin edir. Regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsinə yönəldilib. Sevindirici haldır ki, Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlar, iş adamları ölkəmizdə gedən bu uğurlu prosesdə yaxından iştirak edirlər.

Zəfər Məmmədov isə qısa zamanda fəaliyyətə başlamasına baxmayaraq, Birliyin bir sıra dövlət və özəl qurumlarla, səfirlik, xarici ticarət palataları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə başlamasından, sahibkarların maarifləndirilməsi istiqamətində atdığı addımlardan, həyata keçirdiyi tədbirlərdən danışıb. Bildirib ki, “Gəncə İş Adamları” İctimai Birliyinin əsas məqsədlərindən biri iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafı təmin etməklə yanaşı, sahibkarların fəaliyyətinin səmərəli təşkilinin real bazar mühitində formalaşmasına şərait yaradan layihələr hazırlamaq və dəstək olmaqdır.

Sonra İctimai Birliyin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov, “BSC” MMC-nin direktoru Zaur Mütəllimov, BMT-nin layihələr üzrə koordinatoru İlkin Əliyev çıxış edərək, Azərbaycan dövlətinin artan gücündən, özəl sektorun, sahibkarların ölkəmizin inkişafındakı rolundan danışıblar.

Təlimçilər Nahid İbrahim və Elxan Babayev Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə məlumat veriblər.

Daha sonra tədbir iştirakçılarının Vergi Məcəlləsinin ayrı-ayrı maddələri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.