YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ölkəmiz regionda sabitlik və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın gücləndirilməsi ilə əlaqədar mühüm təşəbbüslərlə çıxış edir

“Son zamanlar Cənubi Qafqazda geosiyasi fəallıq artır, diplomatik təmaslar güclənir. Bu prosesdə regionun lider dövləti olan Azərbaycanın müstəsna rolu, həmçinin Türkiyə və Rusiyanın aktivliyi müşahidə edilir. Ölkəmiz regionda sabitlik və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın gücləndirilməsi ilə əlaqədar mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycan ilə Rusiya arasındakı intensiv təmaslar da bu baxımdan mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki,  Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanması gündəmə yeni  çıxan məsələ deyil. Bu tipli sənədlərin hazırlanması və razılaşdırması uzunmüddətli iş tələb edir.

S.Fətəliyevanın sözlərinə görə, fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə milli maraqlarımıza cavab verir: “Bəyannamənin birinci bəndinə əsasən, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. İkinci bənddə deyilir ki, Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin Xarici İşlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar. Bəyannamədə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsi də öz əksini tapıb. Belə ki, 9-cu bəndə əsasən, Rusiya və Azərbaycan regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər”.

S.Fətəliyeva qeyd edib ki, Azərbaycanla qardaş Türkiyə arasında da dünyada Şuşa Bəyannaməsi kimi tanınan müttəfiqlik münasibətlərinə dair sənəd imzalanıb. Və bu bəyannamənin mətnində də bildirilir ki, Azərbaycanla Türkiyə arasında inkişaf edən hərbi-siyasi əməkdaşlıq onların milli maraqlarına cavab verir və üçüncü dövlətlərə qarşı yönəlməyib. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Xüsusilə də, ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsi ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regional təhlükəsizlik müstəvisində də böyük əhəmiyyət daşıyır. Bakı ilə Ankara ortaq maraqlar əsasında hərəkət edirlər, birgə fəaliyyət mexanizmi yaradıblar. Paralel olaraq Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərində postmüharibə dövrünün reallıqları və regional proseslər kontekstində zəruri təmaslar var. Regionun geosiyasi gündəliyini müəyyənləşdirən Azərbaycan Prezidenti Rusiya və Türkiyə prezidentləri ilə bu məsələləri mütəmadi olaraq müzakirə edir. Prezident İlham Əliyevin Rusiyaya səfəri isə həm regionda postmüharibə reallıqlarının, həm hər iki ölkə arasında əməkdaşlığın, həm də üçtərəfli Bəyanatın icrasının müzakirə edilməsi baxımından olduqca əhəmiyyətlidir.

“Azərbaycan həmişə müstəqil xarici siyasətini yalnız ölkəmizin milli maraqları əsasında aparıb və aparacaq. Azərbaycanın digər dövlətlərlə mehriban qonşuluq münasibətləri həmişə qarşılıqlı faydalı münasibətlər prinsipi üzərində qurulub. Azərbaycan heç vaxt kimsə ilə üçüncü ölkəyə qarşı dostluq etməyib və etmir. Beləliklə, Azərbaycan və Rusiya arasında Bəyannamənin imzalanması dost ölkələrimiz arasında sırf ikitərəfli münasibətlərə aid məsələdir. Bəyannamənin imzalanmasından sonra ölkələrimiz arasında qarşılıqlı münasibətlər daha da yüksələcək”, - deyə S.Fətəliyeva vurğulayıb.