YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

Sonra Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Xocalı faciəsi xalqımıza qarşı törədilmiş amansız soyqırım aktı idi: “Vandal ermənilər tərəfindən Xocalıda azərbaycanlılar görünməmiş vəhşiliklə qətliama məruz qaldılar. 30 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində soyqırımı aktı törədildi. Şəhər yerlə yeksan edildi, 63 uşaq, 106 qadın, 70 qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə indiyə kimi naməlumdur. Xəsarət alanlardan 487 nəfəri şikəst olub, onlardan 76 nəfəri azyaşlıdır.

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir. Kampaniyanın fəaliyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib”.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının məsləhətçisi Nəzrin Məmmədova bildirib ki, tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindən biri kimi erməni vandalizminin növbəti nümunəsi idi: “Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və ermənilər tərəfindən kütləvi qırğınlarla üzləşib. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərdə işğal olunmuş torpaqların düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı azad etdi və Xocalı şəhərində erməni terrorçularının törətdiyi vəhşiliklərin qisasını aldı”.