YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında Xocalı soyqırımın 30-cu ildönümünə həsr edilmiş “Faciələrimizdən dərs alaq” mövzusunda tədbir keçirilib

Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımın 30-cu ildönümünə həsr edilmiş “Faciələrimizdən dərs alaq” mövzusunda tədbir keçirilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdən öncə Xocalı soyqırımına həsr olunan rəsm sərgisi nümayiş olunub.

Tədbir Xocalı soyqırımı və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Xocalı soyqırımı haqqında hazırlanmış videoçarx nümayiş olunub.

Çıxış edən Respublika Xocalı şəhid ailələri cəmiyyətinin sədri Mehriban Əliyeva Xocalı soyqırımı zamanı ailəsinə, yaxınlarına qarşı törədilən vəhşiliklərdən danışıb, həmin günlərin xalqımızın qan yaddaşında silinməz izlər qoyduğunu və heç zaman unudulmayacağını bildirib.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. Bu soyqırımın Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu deyən deputat 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun Xocalı qurbanlarının qisasını aldığını, onların qanının yerdə qalmadığını diqqətə çatdırıb.

Sonra çıxış edən Respublika Xatirə kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Azərbaycan Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun əziz xatirəsinə həsr edilmiş “İgid Ömrü” kitabının təqdimatı haqqında danışıb. O qeyd edib ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşən Xocalı soyqırımının törədilməsindən 30 il keçir. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır.

Xocalı şəhəri 2 saylı tam orta məktəbin direktoru, Xocalının Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı, Fiqurə Rüstəmova söyləyib ki, Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək, ən əsası tariximizi unutmamaq üçün əhəmiyyətlidir.

Tədbir Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin hazırladığı ədəbi-bədii hissə ilə davam edib.