YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Vətən müharibəsi qaziləri və iştirakçılarına medallar təqdim olunub

Yevlaxda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş yevlaxlı qazilərə, müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib. Tədbir Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Təqdimetmə mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, Vətən Müharibəsi qaziləri, Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbiri giriş sözü ilə açaraq Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb. O, şanlı Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri şücaətdən, qəhrəmanlıqlardan danışaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına müvəffəq olduğunu bildirib.

Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev də öz çıxışlarında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən danışıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlib.

Sonda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş qazi və müharibə iştirakçılarına medalları təqdim olunub.

Vətən müharibəsi qaziləri və iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.