YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan COVID-19 pandemiyasının öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyin və əməkdaşlığın təbliğinə ilk başlayan dövlətlərdəndir

Müşfiq Məmmədli

Milli Məclisin deputatı

Covid-19 virusu dünyada yayıldıqdan sonra Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Virusun başladığı ilk vaxtlardan Azərbaycan rəhbərliyi pandemiyaya qarşı mübarizədə dövlətin bütün potensialını səfərbər edib. Azərbaycan hökuməti tərəfindən ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atılıb və bu işlər bu gün də davam etməkdədir. Hökumət koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması, insanların sosial müdafiənin təmin edilməsi məqsədilə geniş sosial-iqtisadi paketini təqdim edərək reallaşdırıb. Məhz bu siyasət nəticəsində həm ölkə iqtisadiyyatına mənfi təsirlər minimuma endirilib, həm də insanların sosial müdafiəsi təmin olunub.

Azərbaycan koronavirusla mübarizə çərçivəsində 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Hələ ötən il Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın üçüncü komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə hərəkatın üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə layihəsi müzakirə edilib və qəbul olunub. Qətnaməyə 171 ölkə lehinə səs verib. Belə qənaətə gəlmək olar ki, Azərbaycan haqq savaşında dünya dövlətlərinin fikrini də müsbət istiqamətə yönəldə bilib və nəticədə Azərbaycanın haqlı təklifi dünya ölkələri tərəfindən müsbət qarşılanıb. Eyni zamanda Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyev pandemiya dövründə bir sıra təkliflərlə çıxış edib. Ötən ilin may ayında təşkil edilmiş zirvə toplantısında və dekabrda 150-dən çox dövlətin dəstəyi ilə keçirilmiş BMT-nin Baş Assambleyasının dövlət başçıları səviyyəsində olan xüsusi sessiyasında peyvəndlərin ədalətli bölüşdürülməsi və pandemiya ilə qlobal mübarizədə vahid strategiyanın işlənib hazırlanması istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm təkliflər irəli sürülüb.

Azərbaycan ikitərəfli əlaqələr səviyyəsində 4 ölkəni COVID-19 əleyhinə vaksinlərlə təmin edib, eyni zamanda qlobal mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı ayırıb. Həmçinin Qoşulmama Hərəkatının üzvü olan 30-dan çox ölkəyə də humanitar və maliyyə yardımları göstərib. Bütün bunlar Azərbaycanın koronavirusla bağlı bəyan etdiyi prinsipə sadiqliyini və qlobal mübarizəyə öz töhfəsini real şəkildə verdiyini sübut edir. Azərbaycan, doğrudan da, COVID-19 pandemiyasının öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyin və əməkdaşlığın təbliğinə ilk başlayan dövlətlərdəndir.