YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, onları düzgün tərbiyə edən məhz Azərbaycan qadınlarıdır

Coşqun Hidayətov

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü

Azərbaycan qadını öz iradəsi və mərdliyi, sədaqəti və saflığı ilə cəmiyyətimizdə, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında böyük rol oynamışdır. Həmçinin Azərbaycan qadınları tariximizin bütün dövlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsində öz töhfələrini veriblər. Onların bir çoxunun adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da Burla xatun, Banu Çiçək, Selcan xatun kimi kişilərlə qoşa yay çəkən, qurşaq tutub güləşən, cıdırda öndə gedən qəhrəman qadınlarımız haqqında məlumat verilib.

Massaget hökmdarı Tomris İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almış, böyük hünər, ağıl və mətanət göstərmişdi.

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində qeyd olunur ki, Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşüb, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırıb, dünya malı üçün qan tökməkdən çəkindirib.

Türk dünyasının igidi Koroğlunun Nigarı onun həm xanımı, həm silahdaşı olub.

Orta əsrlər tariximizdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanın arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimlərinin adları hörmətlə yad edilir.

İkinci Dünya Müharibəsində bir çox sahələrdə cəbhəyə gedən kişiləri qadınlar əvəz etdi. Həmin dövrdə təyyarəçi Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva, gəmi kapitanı Şövkət Səlimova, Aliyə Rüstəmbəyova ön cəbhədə mərdliklə döyüşmüş, arxa cəbhədə əmək rəşadəti, fədakarlıq nümayiş etdirmişlər.

Bu qəhrəmanlıq salnaməmizə bu gün də yeni-yeni səhifələr yazılır. Erməni qəsbkarları 1988-ci ildən torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar.

Azərbaycanın milli qəhrəmanları - Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq, qəhrəmanlıq rəmzi oldular.

44 günlük Vətən müharibəsində qazandığımız uğurlarda igid oğullarımızla bərabər qadınlarımızında əvəzsiz rolu olmuşdur. Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, onları düzgün tərbiyə edən məhz Azərbaycan qadınlarıdır. Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş, könüllü olaraq müharibə zonasına yollanmış, yaralıların sağalması üçün əllərindən gələni etmişlər. Torpaq uğrunda mübarizədə canını fəda edən, şəhidlik məqamına ucalan Vətən müharibəsinin ilk və yeganə xanım şəhidi hərbi tibb qulluqçusu Arəstə Baxışovadır.

Azərbaycan qadınının bəziləri Vətən müharibəsində həyat yoldaşını, övladını, qardaşını və atasını itirdi. Onların nəşini şərəflə qarşıladılar. Bəzən əzizinin tabutunu yerdən qaldırıb başı üzərində apardı. Həmin anda onun dilində yalnız bu söz vardı: "Təki Vətən sağ olsun!". Dünyada ancaq Türk və Azərbaycan qadınının dediyi bu söz vətən üçün qadınlarımızın canından çox sevdiyi doğmalarını qurban verməyə hazır olduğunu göstərdi.

Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Qadınların cəmiyyətdəki layiqli yeri hər bir dövlətin uğuru hesab olunur. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir. Cəmiyyətdə öz rolunu dərindən dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə, cəmiyyətimizin inkişafına böyük töhfələr verəcəkdir.

Xalqımızın fəxr və qüruru olan qadınlarımız ölkəmizi bu gün bütün dünyada ləyaqətlə təmsil edir.  Azərbaycan qadınının yüksək dəyərlərə bağlılığının dünyaya tanıdılmasında respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban Əliyeva öz fəaliyyətini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai-siyasi fəaliyyətinin yeni səhifəsini açıb. Məhz Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, , insanlara qayğısının, xeyirxah əməllərinin timsalında bütün dünya Azərbaycan qadınının hansı yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olduğunu görür.

Bu gün Beynəlxalq Qadınlar günüdür. Mehriban xanım Əliyevanın, şəhid analarının, şəhid xanımlarının timsalında qadınlarımızı təbrik edirəm, onlara möhkəm can sağılığı, uzun ömür və vətənimizin inkişafı naminə üzərlərinə düşən çətin, lakin müqəddəs və şərəfli missiyanın icrasında uğurlar arzu edirəm.