YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rati Breqadze: Gürcüstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Milli Məclisin sədri Sahibə Qafarova martın 10-da ölkəmizdə səfərdə olan Gürcüstanın ədliyyə naziri Rati Breqadze ilə görüşüb.

Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova gürcüstanlı naziri və nümayəndə heyətini salamlayaraq bildirib ki, qonşu və dost ölkələr olan Azərbaycan ilə Gürcüstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Müstəqillik dövründə isə bu əlaqələrimiz daha da inkişaf edib və bu il biz diplomatik əlaqələrimizin yaranmasının 30-cu ildönümünü qeyd edəcəyik. Milli Məclisin sədri diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu dostluq münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Bu hüquqi bazanın daha da genişləndirilməsi üçün daha geniş imkanlar var. Bu gün iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış memorandum da əməkdaşlığımızın daha da inkişafına töhfədir.

Sahibə Qafarova həmçinin bildirib ki, Gürcüstan Azərbaycanın həyata keçirdiyi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısıdır.

İki ölkənin parlamentləri arasında münasibətlərdən danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında qanunverici orqanların özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurla əməkdaşlıq edirlər.

Söhbət zamanı Milli Məclisin sədri ölkəmizin 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verərək, bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib.

Sahibə Qafarova qeyd edib ki, Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Təsadüfi deyil ki, həmin əraziləri 21-ci əsrin Xirosiması adlandırırlar. O, həmçinin diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub və hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün azad edilmiş əraziləri minalardan təmizləyir, bərpa edir. Burada kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması bütün regionun inkişafına və çiçəklənməsinə böyük töhfə verəcəkdir.

Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstanın ədliyyə naziri Rati Breqadze Azərbaycan haqqında təəssüratlarını bölüşüb, belə səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən gürcüstanlı nazir qanunverici orqanlar arasındakı sıx münasibətlərin qurulmasına görə təşəkkürünü bildirib. Nazir Gürcüstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.

Söhbət zamanı Rati Breqadze iki ölkənin gəncləri arasında əlaqələrin inkişafı, diasporların fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycana sülh və sabitlik arzularını ifadə edib.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Arzu Nağıyev, deputatlardan Əminə Ağazadə, Kamal Cəfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ədliyyə nazirinin müavini Toğrul Musayev, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.