YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı adət-ənənələri özündə qoruyub saxlayan xalqımızın ən sevimli bayramıdır

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Yurdumuza bahar gəlir. İki ildir ki, işğaldan azad edilmiş torpaqlarımızda da baharın ətrini duya bilirik, bayram tonqallarımız qalanır.

Ulu öndər Heydər Əliyevin bir vaxrlar "Azərbaycan" qəzetində dərc edilmiş bayram təbrikini xatırlayaq: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Bütün fəaliyyəti boyunca Ümummilli Liderin layiqli davamçısı olduğunu əməllərində göstərən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Novruz bayramı qədimliyi və ənənələri özündə qoruyub saxlayan xalqımızın ən sevimli bayramıdır. Unutmaq olmaz ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Novruzu digər bayramlardan fərqləndirən cəhət təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilməsidir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.

Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.  21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

 Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. 

Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. İstər Novruz şənliyi, istərsə də bayramın keçirildiyi İçərişəhər və Qız Qalası Azərbaycan dövlətinin qədim tarixə malik olan əzəmətli dövlət olmasının sübutudur. Azərbaycan ildən-ilə güclənir, regionda söz sahibinə çevrilir. Ölkəmizdən keçən neft-qaz kəmərlərinin iqtisadiyyatımıza verdiyi töhfə, ölkə başçısının apardığı uğurlu xarici siyasət ölkəmizi daha qüdrətli edəcək, tonqallarımızı daha gur yandıracaq, süfrələrimizin ruzisini artıracaq.

Bizlər də ölkəmizi daha qüdrətli etmək, xarici ölkələrlə balanslı ticarəti qoruyub saxlamaq üçün cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, xalqımızın, dövlətimizin rifahı naminə üzərimizə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirməklə dövlətimizə, dövlətçiliyimizə töhfəmizi vermiş oluruq.

Bayramınız mübarək!