YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Qubada “Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfrans keçirilib

Martın 30-da Qubada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfrans keçirilib.

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

“Quba Palace Hotel”ində YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevin moderatorluğu ilə keçirilən tədbirin əvvəlində soyqırımı qurbanlarının, həmçinin torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək bildirib ki, Azərbaycan xalqı son iki əsrdə erməni vandalizmi və terrorizminə məruz qalmışdır. İstər XX, istərsə də XXI yüzillikdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar törətmiş, soyqırımı aktları həyata keçirmiş, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atmışlar. 31 Mart soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır.

Tahir Budaqov qeyd edib ki, ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdi. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törətdilər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı oldu.

Azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirəndə məlum olur ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb. 1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib. Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlamaqla yanaşı, mənəvi, ekoloji terror, müharibə cinayətləri törədib, dinc – sivil insanları qətlə yetirib. Bu faktlar təcavüzkar erməni vandalizminin siması və daha bir nümunəsi kimi tarixə düşüb.

YAP Sədrinin müavini deyib: “Azərbaycan xalqı və dövləti tarixi yaddaşımızın qorunmasına hər zaman böyük həssaslıqla və xüsusi diqqətlə yanaşır. Eləcə də erməni vandalizmi və terrorizmi unudulmur, müvafiq siyasi-hüquqi qiymət verilir, reallıqlar dünya ictimaiyyətinə çatdırılır, erməni yalanları ifşa olunur, dezinformasiya kampaniyaları iflasa uğradılır. Xatırlatmaq vacibdir ki, 31 Mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət xalqımızın ümummilli lideri, dahi şəxsiyyət – müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən verilib. Ümummilli Lider 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək genişmiqyaslı tədbirlər keçirilib.

Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu istiqamətdə çox vacib işlər görür - mühüm layihələr reallaşdırır. Fondun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması isə böyük əhəmiyyət daşıyır. Fond tərəfindən keçmiş münaqişə ilə əlaqədar müasir və təkmil internet resurslarının yaradılması, müxtəlif dillərdə “Qarabağ həqiqətləri” adlı bukletlərin hazırlanması, geniş auditoriyaya paylanması və digər addımlar dünya ictimaiyyətinə doğru - obyektiv məlumatın çatdırılmasına imkan verib. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət!" kampaniyasının uğurla davam etdirilməsi isə xüsusi qeyd olunmalıdır. Bütün bunların nəticəsi kimi, ayrı-ayrı ölkələrin qanunvericilik orqanları ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi cinayət əməllərini qətiyyətlə pisləyən qərar və qətnamələr qəbul ediblər. Beləliklə, erməni vandalizminin real faktlar əsasında dünyada ifşa olunması, beynəlxalq informasiya platformasında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, müharibəsonrası çoxvektorlu diplomatik fəaliyyətə informasiya dəstəyinin verilməsi kimi istiqamətlərdə həyata keçirilən tədbirlər strateji xarakter daşıyır. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının tərkib hissəsi kimi qlobal ictimai rəyin daim Azərbaycanın lehinə olması hədəfinə çatmağa real imkanlar - əlverişli zəmin və şərait yaradır. Bütövlükdə, bu gün dünya özünü “məzlum xalq” kimi təqdim edərək beynəlxalq ictimai rəyi yanıltmağa çalışan ermənilərin əsl üzünü – barbar və vandal simasını görür, faktlar və həqiqətlər öz sözünü deyir. Beynəlxalq ictimaiyyət bir daha agah olur ki, ermənilərin xalqımıza qarşı törətdiyi vandalizm aktları həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş müxtəlif konvensiyalara əsasən, həm də mənəvi-əxlaqi kodekslərə görə, insanlığa qarşı – bəşəriyyət əleyhinə cinayətdir”.

44 günlük Vətən müharibəsində Azərbaycanın işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdığını söyləyən Tahir Budaqov deyib ki, yaxın tarixdə törədilmiş qanlı cinayətlərin qurbanlarının qanı yerdə, qisas isə qiyamətə qalmadı. “Əminliklə söyləmək olar ki, azərbaycanlılara qarşı erməni vandalizminin simasını təşkil edən digər qatillər və canilər də qanun qarşısında cavab verəcək, layiqli cəzalarını alacaqlar. Azərbaycan xalqının gücü-qüdrəti, beynəlxalq imici və nüfuzu, xalqımızın mübarizə əzmi və sarsılmaz həmrəyliyi buna imkan verir!”, - deyə o əlavə edib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev “Soyqırımı Memorial Kompleksi: azərbaycanlılara qarşı törədilmiş soyqırımların qan yaddaşı kimi” adlı məruzəsində bildirib ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlərlə 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu kompleksin açılışı olub. Soyqırımı Memorial Kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.

Azərbaycan Respublikasının Baş prokurorunun 1-ci müavini Elçin Məmmədov “Azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri: istintaq və nəticələri” mövzusunda məruzəsində qeyd edib ki, soyqırımı ilə bağlı ötən illər ərzində aparılan araşdırmalar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Bu müddət ərzində Qubada kütləvi məzarlıq aşkar edilib. Bu faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının isə qat-qat çox olduğunu sübut edib.

Elçin Məmmədov bildirib ki, Azərbaycan tarixinə bir sıra şanlı səhifələrlə yanaşı soyqırımı və faciələr də yazılıb. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel ayında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

“Bu dəhşətli hadisə miqyasına və amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Həmin günlərdə azğınlaşan erməni qüvvələri Bakı, Quba, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar, etnik təmizləmələr həyata keçirib. Dinc sakinlər etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. 50 mindən çox sakin erməni faşizminin qurbanı olub”, - deyə Elçin Məmmədov söyləyib.

Baş prokurorun 1-ci müavini qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən ermənilərin törətdikləri bu ağır cinayətlərin araşdırılması üçün fövqəladə istintaq komissiyası yaradılıb. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb. Baş verənlərin sona qədər tədqiq edilməsi və ona siyasi–hüquqi qiymət verilməsinin qarşısı alınıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yaranıb. Uzun illər gizli saxlanılan və üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılmağa başlamışdır. Məlum hadisələrdən yalnız 80 il sonra - 1998-ci ildə mart ayının 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub.

Elçin Məmmədov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında Quba qəzasında çoxlu sayda insanların işgəncələr verilməklə qətlə yetirildiyi kütləvi məzarlıqla bağlı daha ətraflı istintaqın aparılması məqsədilə, habelə Neftçala rayonunun Dirovdağ və Qubanın İspik kəndi yaxınlığında meşəlik ərazidə aşkar edilən insanların dəhşətli şəkildə həlak olması əlamətləri üzrə 2010-cu il 26 may tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin dövrdə baş prokurorun qərarı və peşəkar müstəntiqlərin iştirakı ilə istintaq qrupu yaradılıb. İş üzrə çoxsaylı şəxslər, hadisələrin bilavasitə şahidi olan və yaxud zərərçəkmiş şəxslərin yaxın qohumları müəyyən edilərək dindirilib. Azərbaycan Respublikası Tarix, Arxeologiya və Etnoqrafiya institutlarına, Milli Arxiv İdarəsinə, Respublika Dövlət Arxivinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, ictimai və dini təşkilatlara sorğular göndərilib, kompleks məhkəmə tibbi, kriminalistika və sair ekspertizalar təyin edilərək rəylər alınıb.

“Erməni millətçilərinin silahlı basqınlarının izlərini özündə saxlayan maddi sübutlar aşkar edilərək müayinə olunub. İstintaqın gedişində toplanan sübutların məcmusu ilə, o cümlədən 1918-1920-ci illər mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin ermənilərin törətdiyi qırğınların tədqiqi məqsədilə təşkil etdiyi fövqəladə istintaq komissiyasının materiallarının, həmin hadisələrin canlı şahidi olmuş şəxslərin ifadələri, arxiv idarələrindən əldə olunan sənədlərin təhlili və sair sübut növləri ilə 1918-ci ildə Bakı şəhəri, Quba, Şamaxı qəzalarında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların, onların əmlaklarının talan edilməsinin Şaumyan, Bakı Sovetinin hərbi inqilabi komitəsinə rəhbərlik edən Karqanov, Bakı Xalq Komissarları Sovetinin təşkil etdiyi ordu briqadasının komandirləri olan Amazaps, Svartiyan, Zurabyan, Arutinyan, korpus komandiri polkovnik Kazaryan, Avitisyan, Lalayan və digər erməni millətçiləri tərəfindən milli mənsubiyyət faktoruna əsasən həyata keçirilmiş soyqırımı cinayəti olması sübuta yetirilib”, - deyə E.Məmmədov söyləyib.

Baş prokurorun 1-ci müavini prokurorluq orqanları tərəfindən, eləcə də digər dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə əlaqəli şəkildə erməni millətçi cinayətkar qrupları tərəfindən xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq hüquqi qiymətin alması üçün zəruri işlərin bundan sonra da davam etdiriləcəyini deyib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov “Erməni millətçiliyi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti” adlı məruzəsində qeyd edib ki, Ermənistan işğal altında olmuş ərazilərdə kütləvi məzarlıqların yerini bildirən məlumatları Azərbaycana verməkdən boyun qaçırır. Erməni millətçilərinin Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasəti sovet hakimiyyəti dövründə də davam etdirilib. Sovet İttifaqı dağıldıqdan sonra da, Azərbaycan torpaqlarının işğal edilməsi həmin ərazilərdə də yerli əhalinin etnik təmizlənməsi ilə nəticələnən kütləvi qırğınlarla müşayiət edilib.

“Erməni millətçiləri tərəfindən fərqli bölgələrdə insanlıq əleyhinə cinayətlər törədilib. Onların sırasında Xocalı, Başlıbel, Ballıqaya, Ağdaban, Meşəli, Cəmilli, Quşçular, Malıbəyli faciələrini xüsusilə qeyd etmək olar. Bu hadisələrin hər biri dinc əhalinin öldürülməsinə, terrora hesablanıb, qırğınların ardıcıl və sistematik həyata keçirilməsi isə onların Ermənistan tərəfindən dövlət səviyyəsində planlaşdırıldığını göstərir. Birinci Qarabağ müharibəsindən bu günədək 4000-dək soydaşımız barədə hələ də məlumat yoxdur. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Kəlbəcərin Başlıbel, Şuşanın Daşaltı, Xocavəndin Edilli kəndləri ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bu məzarlıqlar, meyit qalıqları Birinci Qarabağ müharibəsi zamanı erməni hərbçiləri tərəfindən əsir və girov götürülərək, ağır işgəncələr verilərək qətlə yetirilən Azərbaycan vətəndaşlarına aiddir”, - deyə nazir müavini söyləyib.

Elnur Məmmədov vurğulayıb ki, bu günlərdə Xocalının Fərrux yüksəkliyində də insan sümükləri aşkarlanıb və həmin qalıqların da tədqiqatı həyata keçiriləcək.

Türkiyənin Azərbaycandakı səfirinin müavini Tuğba Sarıyönlü “Ortaq kədər və tarixi qardaşlıq” mövzusundakı məruzəsində iki qardaş ölkənin ortaq acılarının xalqlarımızı daha sıx birləşdirdiyini, ədalətsizliyə qarşı birlikdə mübarizə aparmalı olduğumuzu bildirib.

Tuğba Sarıyönlü qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanmış Şuşa Bəyannaməsi olduqca mühüm sənəddir. Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu bəyannamə vacib müttəfiqlik anlaşmasıdır. Bu sənədin imzalanmasında məqsəd Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da gücləndirməkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Ermənistanın soyqırımı siyasətinin dini aspektləri” mövzusunda çıxışı zamanı bu kimi elmi konfransların tarix boyu xalqımıza qarşı törədilən qırğınlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Ermənilərin əsassız iddialarının ifşa edilməsində, onların Anadoluda, Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında istər Türkiyədə, istərsə də ölkəmizdə aparılan geniş ideoloji və təbliğati iş öz müsbət bəhrəsini verməkdədir. Dünya ictimaiyyəti artıq ermənilərin iç üzünü tanıyır. Hamı görür ki, ermənilərin soyqırımı iddiaları siyasi alətdən başqa bir şey deyil”, - deyə Gündüz İsmayılov söyləyib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Erməni vəhşiliyi tarixin yaddaşında: dağıdılmış və yandırılmış tarixi abidələr” mövzusunda çıxış edib. “Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda, bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli-mənəvi dəyərləri təhqir edilib. Bu baxımdan Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır”, - deyə Azad Cəfərli söyləyib.

Dövlət Xidmətinin rəisi bildirib ki, erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər xalqımıza məxsus məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunmuşdur. Eyni zamanda, Ermənistan tərəfi daha bir təxribata əl ataraq, Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidində “bərpa işləri” adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olub, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia edib.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirib ki, 1918-ci ildə Bakıda, Şamaxı, Quba qəzalarında, Qərbi Azərbaycan və Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı erməni hərbi birləşmələri tərəfindən soyqırımı həyata keçirilib. Minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu, ermənilərin “böyük Ermənistan” planını həyata keçirmək üçün türk-müsəlman əhalisinə qarşı məqsədli soyqırımı idi.

Professor Anar İsgəndərov məruzəsində erməni cəmiyyətində əsrlərdən bəri kök salmış türk düşmənçiliyi məsələsinin tarixi köklərinə də diqqət çəkib. Fövqəladə Təhqiqat Komissiyasının nadir sənədlərinə istinad edərək, müqayisəli təhlil əsasında 1905-1906-cı illər, 1918-ci ilin mart soyqırımlarının səbəb və nəticələri haqqında ətraflı məlumat verib.

Yekunda çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfransda maraqlı məruzələrin, faktların təqdim olunduğu bildirib. "Tarixdən ibrət dərsi götürülməli və nəticə çıxarılmalıdır", - deyən Tahir Budaqovun sözlərinə görə, gələcəkdə belə faciələrin bir daha yaşanmaması üçün keçmişimizi unutmamalı və daha güclü olmalıyıq. Bunun üçün isə Heydər Əliyev yolunun müzəffər davamçısı Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşməliyik.

Tədbirin sonunda elmi-praktiki konfransın iştirakçıları adından bəyanat qəbul olunub.

DİGƏR Partiya xəbərləri Arxiv