YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir

Həbib Misirov

YAP Kəlbəcər Rayon Təşkilatının Sədri

Hec bir əsası olmayan saxta idealizmin qurbanı olan toplumlar tarixin müxtəlif dövrlərində səbəbsiz faciələr törətmişdir. Bəzi hallarda bu kütləvi xarakter almış və bəşəri faciələrə çevrilmişdir. Öz tarixi köklərini müxtəlif dövrlərə və dövlətçilik institutlarına bağlamağa çalışan, amma əsl həqiqət ortaya çıxdığından buna heç bir zaman nail olmayan erməni millətçiləri məhz öz qaniçən əməlləri ilə əslində bəşəriyyətin düşmənləri hesab edilə bilərlər. Onlar ağılasığmaz və saxta ideallara söykənən böyük dövlət yaratmaq xülyalarını məhz başqa xalqlara faciələr yaşatmaqla reallaşdırmaq niyyətində olmuşlar. Elə 1918-ci ildə etnik baxımdan erməni olmayan digər millətlərin, xüsusən Azərbaycan türklərinin başına gətirdikləri faciələrlə də bu saxla xəyallarını gerçəkləşdirmək istəmişlər. Bu baxımdan 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Həmin dövrdə insan qətlləri ilə kifayətlənməyən erməni cəlladları digər xalqların mədəniyyətlərinə qarşı da soyqırımı aktı törətməkdən çəkinməmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar.

Tarixi faktlara diqqət yetirsək görərik ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu soyqırımlar sırasında Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Bu hadisələr Sovetlər dönəmində pərdələnsə də sonradan həqiqət üzə çıxmış və erməni xislətinin iyrəncliyi, erməni qaniçənliyi rəsmi şəkildə sənədlərlə, dövlət sənədləri ilə təsdiqini tapmışdır.

 Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bundan bir müddət sonra həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir.

Daha sonra erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Bu sənədlər erməni cinayətlərinin hüquqi baxımdan təsdiqi olmaqla bərabər, həm də Azərbaycan tarixinin həmin dövrünü daha dəqiq araşdırmaq baxımından olduqca əhəmiyyətli əsaslar formalaşdırmışdır.

Erməni cinayətləri Qarabağ müharibəsində də davam etmiş, yenidən erməni millətçiləri tərəfindən azərbaycan xalqının başına Xocalı, Ağdaban, Başlıbel kimi faciələr gətirilmişdir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda aşkarlanan kütləvi məzarlıqlar soyqırımı aktlarının ən iyrənc və kütləvi şəkildə törədildiyini bir daha təsdiqləyir.

Azərbaycan xalqı heç bir zaman erməni millətçilərinin bu xain və bəşəriyyətə qarşı yönəlmiş cinayətlərini unutmayacaq. Biz də hər addımda bu cinayət faktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda davam edəcəyik. İnanırıq ki, bir gün dünyanın nüfuzlu beynəlxalq təşkilatları da bu erməni cinayətlərini qəbul və etiraf edəcəkdir.

Allah vətən uğrunda canını fəda edən və qətl edilən bütün soydaşlarımıza rəhmət eləsin. İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız Zəfərdən sonra vətən uğrunda canlarından keçən və faciəli şəkildə qətlə yetirilən bütün azərbaycanlıların ruhları şaddır.