YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xalqımıza qarşı törədilmiş soyqırımılara hüquqi-siyasi qiymət verilib

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.

Mart soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır.Mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan, Göyçay qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.

Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur.  Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir.

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. Bu kimi faciələrin gələcək nəslin yaddaşından silinməməsi məqsədilə ölkədə faciələrimizi əks etdirən abidələr ucalır. Tariximizi unutmamaq məqsədilə bu gün  Göyçayda da “Azərbaycanlıların soyqırımı”  abidə  kompleksi  yaradılmış və kompleksdə  həm 31 mart-Azərbaycanlıların soyqırımı və həm də 26 fevral  Xocalı soyqırımı günlərində baş vermiş  faciənin fotoları, hadisə qurbanlarının, şəhidlərin,  yaralanmış  insanların sayı  barədə  qısa məlumat  öz əksini tapmışdır.