YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı cənab İlham Əliyevə səs verməklə xoşbəxt gələcəyə səs vermişdir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranan zaman, daxili intriqalar, torpaqlarımızın işgal olunması, xalqın ulu öndərə tarixi müraciəti və bu müraciətdən sonra ümummilli liderimiz Heydər Əliyevin bu ağırlığı öz çiyinlərinə götürməsi xalqımızı və dövlətimizi sanki yox olmaq təhlükəsindən xilas etdi. Azərbaycan xalqının bütün ictimai – siyasi, sosial-iqtisadi, maddi - mənəvi həyatı Heydər Əliyevin adı ilə bağlıdır. Milli mənafeyi xalq mənafeyinə, xalq mənafeyini isə dövlət mənafeyinə çevirə bilən ulu öndər öz ölkəsinin tərəqqisini təmin etməklə bərabər, ölkəsi üçün beynəlxalq nüfuz və etibar qazandı. Prezident kimi 10 illik fəaliyyəti dövründə Ulu öndər bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan cəmiyyətini bütün təhlükələrdən xilas edərək, yeni iqtisadi modellə gələcəyimizi İlham Əliyev kimi gənc, peşəkar siyasi liderin rəhbərliyinə istiqamətləndirdi. Bəli, 2003-cü ildə ulu öndər Heydər Əliyevin siyasətinə söykənərək daha yüksək zirvələrə qaldırmaq üçün Prezident cənab İlham Əliyev  olduqca çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. O zaman kifayət qədər mürəkkəb bir dövr idi, Azərbaycan dövləti ulu öndərimiz tərəfindən qurulub möhkəmlənmişdi, lakin hələ onun güclənməsinə müəyyən qədər vaxt lazım idi. Eyni zamanda qarşıda beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq, həm də ölkə daxilində mövqeləri daha da gücləndirmək və ulu öndərin zamanında olduğu kimi sonrakı illərdə də xalqımızın inam və etimadını qazanmaq kimi çətin vəzifə duran vaxtda, qısa zaman kəsiyində 42 yaşlı, lakin siyasətdə kifayət qədər yetkinləşmiş, müdrikləşmiş və əhəmiyyətli yerə sahib olan İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı. Bu səhifə Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı. Dərhal ciddi əhəmiyyət daşıyan proqramlara imza atdı, struktur dəyişiklikləri apardı, eyni zamanda əsası ulu öndərimiz tərəfindən qoyulan neft strategiyasının beynəlxalq səviyyədə uğurlu gedişini təmin etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin başa çatması və istifadəyə verilməsi kimi bir vəzifənin yerinə yetirilməsi ilə əslində, Azərbaycana xarici valyutanın axınını təmin etdi, həmçinin Avropanın ən etibarlı partnyorlarından birinə çevrildi. Bu tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox önəmli rol oynadı.

Həqiqətən də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti çox böyük uğurlara imza atır. Əslində, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilən, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan bir vaxtda bu ağır sosial yükü çiynində daşıyaraq onları həm də çadır şəhərciklərindən müasir evlərə köçürmək, həyat şəraitlərini yaxşılaşdırmaq, Azərbaycanın iqtisadi qüdrətini gücləndirmək üçün olduqca düşünülmüş və təkamülə söykənən islahatların daha ciddi şəkildə aparılması digər tərəfdən işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün beynəlxalq səviyyədə diplomatik müstəvidə mübarizəni uğurla aparması oldu. Nəzərə alsaq ki, beynəlxalq güclər Ermənistanın yanında idi və Azərbaycana qarşı ikili standartlar var idi. Fərqli şəkildə işğala məruz qalan torpaqlarımızın erməniləşməsi üçün ən müxtəlif səviyyələrdə ermənilərə yardımlar göstərilirdi. Belə bir çətin dövrdə həm də bunu gündəlikdə saxlamaq, müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda, həm xarici, həm də daxili auditoriyalarda ən qətiyyətli, cəsarətli bəyanatlar vermək, bu bəyanatları hər kəsin diqqətinə çatdırmaq, Azərbaycan heç bir zaman öz ərazisində ikinci bir qondarma dövlətin yaradılmasına imkan verməyəcək kimi bəyanatları səsləndirərək bunun arxasında dayanmaq və ordunu ən müasir orduya çevirmək bu illər ərzində qarşısına qoyduğu ən ciddi vəzifə idi.

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı bir daha cənab İlham Əliyevə etmad göstərmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

Tarixə nəzər salsaq görərik ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində  ötən illərdə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən 19 ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. İqtisadi və sosial sahədə qazanılmış bir neçə göstəricini diqqətə çatdırmaq kifayətdir. Ötən  illər ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb. 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir.

2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Eyni zamanda  2003-2018-ci illərdə böyük idman uğurları əldə olunmuşdur. İdmançılar 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir. Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail oldu. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli hava limanı artıq təyyarələri qəbul edir, Şuşaya gedən Zəfər yolu tamamlandı. Ağdam və Cəbrayıl şəhərlərinin bərpasının təməli qoyulub. Prezidentimiz deyir ki, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar. Bütün bunlar bizdə qürur yaradır.