YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaq

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,02%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı doğru və müdrik seçim edərək, səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son dörd ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanması olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.

Son 19 ildə Prezi­dent İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi münasibətlərin inkişaf etdirilməsi, insan hüquq və azad­lıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Əminliklə söyləmək olar ki, xalq-iqtidar birliyi, hakimiyyətin həyata keçirdiyi siyasətin hamı­lıqla dəstəklənməsi sayəsində bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik indeksinə görə Azərbaycan dünyada ilk yerlərdə qərarlaşmışdır. Prezident İlham Əliyevin hakimiyyəti illərində, siyasi sferada olduğu kimi, iqtisadiy­yat sahəsində də böyük uğurlar qazanılmışdır. Onun rəhbərliyi ilə son 19 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid prosesinin başa çatdırılması təmin edil­mişdir. Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olmuşdur. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən islahatlara yüksək qiymət vermişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Azərbaycan bu müddətdə nəqliyyat dəhlizlərində fəal iştirak etməklə, Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir.

Dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan ən ciddi tədbirlər görmüş ölkələr sırasındadır. Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə səmərəli tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri dəfələrlə yüksək qiymətləndirmiş, bu sahədə nümunəvi ölkə adlandırmışdır. Dövlət başçısının ilk gündən atdığı addımlar bütün strukturlar və eləcə də vətəndaşlar üçün nümunə olmuş, bu bəla ilə mübarizədə böyük motivasiya yaratmışdır.

Qələbəyə aparan yol uzun olur və heç zaman bir göz qırpımında zəfər əldə edilmir. Bunun üçün iqtisadi inkişaf, tarixi şərait, geostrateji mühit və lazımi siyasi məqam əsas amillərdir. Prezident İlham Əliyev bütün bu məqamları uzaqgörənliklə müəyyənləşdirdi, ölkəmiz Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla, BMT qətnamələrini təkbaşına icra edərək haqq mübarizəmizi uğurla başa çatdırdı. Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. 

Azərbaycanın şanlı tarixinə öz adını qızıl hərflərlə yazan Prezident İlham Əliyevin 19 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bunun sayəsində biz Zəfərin təntənəsini yaşayırıq, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında əldə edilən qələbə Ağdam, Kəlbəcər və Laçın rayonlarının şəhid vermədən işğaldan azad edilməsinə şərait yaratmış oldu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında qəbul edilmiş üçtərəfli bəyanatla Ermənistan faktiki olaraq kapitulyasiyaya imza atmış, Azərbaycan qarşısında diz çökmüş oldu. Böyük fəxarət və qürur hissi ilə qeyd edirik ki, 44 günlük müharibə ərzində Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətimizə başçılıq etdiyi illər mühüm hadisələr, faktlar və rəqəmlərlə zəngindir. Bu illərin hər biri dövlətçilik tariximizin hər bir azərbaycanlıya qürur hissi yaşadan şanlı səhifələridir.

Əminik ki, ümummilli lider Heydər Əliyevin layiqli davam­çısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya örnək olacaq səviyyədə xalq-iqtidar birliyinə nail olmuş, sülhün və əmin-amanlığın hökm sürdü­yü məkana çevrilmiş, iqtisadi göstəricilərinə, vətəndaşlarının rifah halına görə günbəgün qüdrətlənən Azərbaycan dövləti yenicə başa çatmış Vətən müharibəsində qazandığı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaq. Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!