YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan Respublikasında Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki idi. Seçki marafonunda 8 namizəd iştirak etdi. Hakim partiya olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri İlham Əliyev cənabları oldu. Təbliğat, təşviqat kampaniyası üçün bütün namizədlərə bərabər şərait yaradılmışdı. Bölgələrdə və paytaxtda müəyyənləşdirilmiş yerlərdə seçicilərlə görüşlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Ümumilikdə isə seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etdr. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə YAP sədri İlham Əliyev cənabları seçkidə iştirak edən Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.

Seçicilərin seçimini müəyyən edən amillər aşağıdakılar idi:

  1. İlham Əliyev cənablarının prezidentliyi dövründə ölkəmizin böyük inkişaf yolu keçməsi;
  2. Azərbaycan dövlətçiliyinin əsaslarının ciddi şəkildə möhkəmlənməsi;
  3. Dövlətimizin qüdrətinin və iqtisadiyyatının daha da artması;
  4. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin xeyli dərəcədə güclənməsi;
  5. İnsan amili, xalqın rifahı və milli maraqların dövlət siyasətinin strateji prioritetinə çevrilməsi.

Seçkinin nəticələri isə onu göstərdi ki, Azərbaycan xalqı İlham Əliyev cənablarının hakimiyyəti dövründə görülən işlərə yüksək qiymət verir, görülən işlərin davam etdirilməsinə səs verir. Bununlada seçicilər inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verdi. Seçkidən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkinin rəsmi nəticələri ilə üst-üstə düşdü. Bu, bir daha onu göstərdi ki, seçkilər xalqın iradəsini əks etdirir.

Hətta beynəlxalq müşahidə missiyasının üzvləri də seçki günü müxtəlif dairə və seçki məntəqələrində apardıqları müşahidələr nəticəsində bölüşdükləri qənaətlə seçki ilə bağlı yüksək fikirdə olduqlarını bildirmişlər. Böyük Britaniya parlamentinin üzvü, Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub.”

Prezident İlham Əliyev 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında deyirdi: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Əslində Prezident İlham Əliyev cənabları andiçmə mərasimindəki çıxışı zamanı bir çox mətləblərə aydınlıq gətirdi, hakimiyyətin yürütdüyü siyasətin xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət oduğunu detallı şəkildə göstərdi.

2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikallara Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Həmçinin, 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyev cənablarına səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu və sübut etdi ki, siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir. Eyni zamanda seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür.

Prezident İlham Əliyev cənablarının hakimiyyəti dövründə milli maraqların qorunmasına xidmət edən strategiya müəyyən olundu, xalq milli ideya ətrafında  birləşdirildi. Azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Vətənin hər qarışına sahib çıxacaq yeni gənc nəsil yetişdi. Həmçinin, bu illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu. Nəticədə, Azərbaycan dövləti müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı və Şərqi Zəngəzuru 30 illik erməni faşistlərinin əsarətindən azad etdi. Bu gün işğal olunmuş bütün ərazilərdə tikinti quruculuq işləri reallaşdırılır. Əminik ki, hələ uzun illər ərzində Azərbaycan xalqı Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev cənablarını dəstəkləyəcək və görülən işlərin davam etdirilməsinə səs verəcəkdir.