YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi ilə əlaqədar bəyanatla çıxış edib

Aprelin 4-də Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi tamam olur. Bununla əlaqədar Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Müqavilə və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannamə təməl əhəmiyyətli ikitərəfli sənədlərdir. İki ölkə arasında 150-dən artıq beynəlxalq hüquqi akt imzalanıb.

Bu barədə Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi ilə əlaqədar RF XİN-in bəyanatında deyilir.

Rusiya XİN-də vurğulanıb: “Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır. İki ölkənin münasibətlərinin əsasını bərabərhüquqlu mehriban qonşuluq prinsipləri, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələri təşkil edir. Ölkələr arasında qarşılıqlı fəaliyyətin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv şərait yaradır. Ali səviyyədə, xarici siyasət idarələri xətti ilə, habelə parlament xətti üzrə, əsas idarələrin rəhbərləri səviyyəsində əməkdaşlıq fəal inkişaf edir”.

Sənəddə ticari-iqtisadi əməkdaşlığın uğurlu inkişafı qeyd edilib. RF xarici siyasət idarəsində daha sonra əlavə edilib: “Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvləri olmayan MDB ölkələri arasında Rusiyanın əsas ticari tərəfdaşıdır. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti üzrə əlaqələr genişlənir. İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli qarşılıqlı əlaqələrin mühüm elementidir.

RF XİN-də 2024-cü ilə qədər olan dövr üçün Rusiya Azərbaycan əməkdaşlığının inkişafı üzrə fəaliyyət planının reallaşdırılması da xatırladılır. Beş yol xəritəsi çərçivəsində ticarətdə mövcud maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturunun inkişafı, elmtutumlu birgə istehsalatlar yaradılması, Azərbaycan iqtisadiyyatının səmərəsinin artırılması üçün Rusiya texnologiyalarından istifadə edilməsi, qarşılıqlı turizm mübadiləsinin artırılması nəzərdə tutulur.

Sənəddə qeyd edilir ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə kimi Qarabağ ətrafında münaqişənin dinc yolla nizamlanması prosesinə fəal kömək edir. Nazirlikdə Xəzərətrafı bölgədə əməkdaşlığın dinamik inkişafına diqqət yetirilib. Bəyanatda göstərilir: “Rusiya və Azərbaycan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya ediblər. Bu sənəd Xəzər beşliyi çərçivəsində qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradıb”.

Bəyanatda bildirilir ki, mədəni-humanitar və təhsil sahələrində Rusiya-Azərbaycan əməkdaşlığı ölkələrimizin ikitərəfli əlaqələrinin inkişafının prioritet istiqamətlərindən biri kimi qalır. Azərbaycanın ümumtəhsil və ali məktəblərində rus dilində təhsil əlyetərlidir. 2010-cu ildən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, 2015-ci ildən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir.

RF XİN-də regionlararası əməkdaşlığın dinamik inkişafına da diqqət yetirilib, xatırladılıb ki, Rusiya Federasiyasının 83 subyektindən 72-si Azərbaycanla əməkdaşlıq edir. Aktiv tərəfdaşlar arasında Dağıstan və Tatarıstanın, Moskva və Sankt-Peterburq şəhərlərinin, Həştərxan, Moskva, Saratov, Sverdlovsk, Çelyabinsk vilayətlərinin və digər regionların adları çəkilir.