YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəyi, necə, nə vaxt etməyi hamıdan yaxşı bacaran dünya şöhrətli Lider

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

2018-ci il aprelin 11-də şəffaf, azad, demokratik şəraitdə keçirilmiş növbədənkənar Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin - 86,02 faizinin səsini qazanaraq Yeni Azərbaycan Partiyasının namizədi, Partiyanıın sədri cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Müdrik xalqımızın iradəsini əks etdirən seçkilərin nəticələri bir daha sübut etdi ki, Azərbaycan xalqı görülən işlərə, inkişafa, tərəqqiyə, təhkükəsizliyə, xoş-firavan gələcəyə, demokratik islahatlara səs vermişdir. Bununla da tarixin ağır sınaqlarından çıxmış xalqımız Prezident İlham Əliyevə səs verməklə Ulu Heydər Əliyev ideyalarına sadiqliyini, siyasi müstəqilliyini, Azərbaycan xalqının öz taleyinin sahibinin məhz, özü olduğunu bir daha nümayiş etdirdi.

“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” – deyən, Möhtərəm Prezidentimiz İlham Əliyevin Prezidentliyi dövründə məhz, ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib və nəticədə Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq aləmdə güclü iqtisadiyyata, etibarlı tərəfdaşa, qüdrətli Orduya malik bir ölkəyə çevrilib. Dünya arenasında sülhsevər, qonaqpərvər, tolerant bir ölkə kimi tanınan, heç bir ittifaqa, bloka qoşulmayan müstəqil respublikamız həm də BMT-dən sonra dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Uzun illər ərzində xaricdən yardımlar alan Azərbaycan artıq bu gün yüzlərlə ölkələrə yardım edən donor bir ölkədir.

Günü – gündən beynəlxalq aləmdə artan nüfuzu, diplomatik uğurları sayəsində bu gün Azərbaycan BMT, AŞ, ATƏT, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hörmətlə qarşılanır, necə deyərlər səmərəli əməkdaş, etibarlı tərəfdaş kimi qəbul olunur.

2013-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” fikrini səsləndirən Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu dövrdə ÜDM 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, valyuta ehtiyatları 26,6 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə artıb. Əhalinin sosial – iqtisadi rifahının yüksəldilməsi, problemlərinin həlli istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki, işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enmiş, 1 958 400 yeni iş yerləri açılmışdır. Möhkəm siyasi sabitliyin, davamlı inkişafın bərqərar olduğu, dünyada ən çox islahat aparan ön ölkədən biri kimi tanınan Azərbaycanda sosial siyasət də daim diqqət mərkəzindədir. Belə ki, bu illər ərzində maaşlar təxminən yeddi dəfə, pensiyalar on dəfədən çox artıb, 3100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Hətta, işğaldan azad edilmiş rayonlarımızda da Olimpiya İdman Komplekslərinin, stadionların, müxtəlif idman arenalarının qurğularının tikilməsi nəzərdə tutulur.

Nəzərdə tutulan dövr ərzində iqtisadiyyatımızın neft – qaz sektoru da əsaslı şəkildə inkişaf etmişdir. Bu gün bu sahədə Azərbaycan Beynəlxalq aləmdə, Avropada ən etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. 1994-cü il sentyabrın 20-də Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan 2006-cı ildə istifadəyə verilən Bakı – Tbilisi – Ceyhan neft kəməri, eləcə də 2007-ci ildə istifadəyə verilmiş Bakı – Tbilisi – Ərzurum qaz kəməri ölkəmizə böyük gəlirlər gətirməyə başladı. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans – Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu.

Bu gün Azərbaycan Avropanın ən etibarlı neft – qaz ixracatçılarından biri kimi tanınır. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə qırx milyard dollar təşkil edir.

2003-2018-ci illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Həmin illər ərzində ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmış, böyük infrasturuktur layihələr reallaşdırılmış, 30-dan çox elektrik stansiyası tikilmişdir. Azərbaycan 44 günlük Şanlı Vətən müharibəsindən sonra işğaldan azad olunmuş rayonlarımızın ərazisində belə, elektroenergetika sahəsində mühüm əhəmiyyətli layihələr reallaşdırmış və bu cürə layihələrin həyata keçirilməsi bu gün də davam etdirilir.

Həmin illər həm də yol, dəmir yolu və nəqliyyat infrasturukturunun sürətlə inkişaf edən dövrünə təsadüf edilir. Belə ki, həmin illər ərzində on beş min kilometr uzunluğunda yeni yol çəkilmiş, yeddi aeroport tikilmişdir ki, onların altısı beynəlxalq statusa malikdir. Bu gün doğma Qarabağımızda da bu sahədə çox mühüm addımlar atılmışdır. Artıq Qarabağın Hava Qapısı olan Fizuli Beynəlxalq hava limanı fəaliyyətdədir. Digər iki hava limanlarıın tikintisi Zəngilanda və Laçında davam etdirilir.

Bu illər ərzində idman sahəsində də mühüm irəliləyişlər, uğurlar, nailiyyətlər qazanılmışdır. Təcrübələr göstərir ki, adətən inkişaf etmiş ölkələrin idmançıları daha böyük uğurlar qazanırlar və bu həmin ölkədə idman siyasətinin düzgün aparılmasından xəbər verir. 2003-2018-ci illərdə məhz, bu düzgün siyasət nəticəsində idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Bütün sahələrdə olduğu kimi bu gün idman arenalarında da qələbələr davamlı şəkildə sıralanmaqdadır. Güləşçilərimizin bu günlərdə Bolqarıstanda keçirilmiş Avropa çempionatında 34 ölkə arasında birinci yeri tutmaları, Budapeştdə keçirilən yunan – Roma güləşi üzrə Avropa çempionatında Azərbaycan yığmasının Avropa çempionu olması bunlara əyani sübutdur. 

2003-2018-ci illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini nümayiş etdirdi. Elə ona görə də 2016-cı ilin Aprel döyüşlərini Şanlı Qələbəyə gedən yolun başlanğıcı adlandırılır. Apreldə əldə olunan qələbə əsas verdi ki, yaxın gələcəkdə tarixi ədalət də mütləq bərpa olunacaqdır. Bununla da, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının prinsipial, qətiyyətli siyasəti, xüsusi sərkərdəlik qabiliyyəti, beynəlxalq aləmdəki nüfuzu, hörməti sayəsində Qüdrətli Azərbaycan Ordusu ardıcıl qələbələrə imza atdı. Bu qələbəyə xalqımız şəhidlərimizin canı, qazilərimizin qanı, qüdrətli Ordumuzun rəşadəti, şücayəti nəticəsində nail oldu. 44 günlük Vətən müharibəsində elə bir uğura imza atıldı ki, 30 il işğal altında olan torpaqlarımız, doğma Qarabağımız işğaldan azad olundu. “Dəmir Yumruq” qalib gəldi. Torpaqlarımızın işğaldan azad edilməsində, ərazi bütövlüyümüzün təmin olunmasında canından keçmiş bütün şəhidlərimizin, eləcə də faciə və soyqırım qurbanlarının qisası artıqlaması ilə alındı, onların qanı yerdə qalmadı.

İnanırıq ki, müdrik xalqımız hələ Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının rəhbərliyi altında yeni – yeni uğurlara, möhtəşəm qələbələrə imza atacaqdır. Xoşbəxtliyimiz ondadır ki, tarixin ağır sınaqlarından çıxmış müdrik xalqımızın bu gün Nəyi, Necə, Nə Vaxt etməyi hamıdan yaxşı bacaran İlham Əliyev cənabları kimi  dünya şöhrətli bir Lideri var !