YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Prezident İlham Əliyev: “Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidi”.  Seçki hər bir dövlətdə sabit vətəndaş cəmiyyətinin, mütərəqqi inkişafın əsasını təşkil edir. 1993-cü ildən Azərbaycanda keçirilən seçkilər bütünlüklə cəmiyyətin iradəsini özündə əks etdirib. 1995-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası seçkilərin şəffaf və demokratik keçirilməsi mexanizmlərini özündə əks etdirib və prioritetləri müəyyənləşdirib. Bu əsasda da Azərbaycanda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılıb. Təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılan Seçki Məcəlləsi isə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının azad seçim etməsinə şərait yaradır. Məhz Seçki Məcəlləsində demokratik prinsiplərə əsasən vətəndaşlara seçkilərdə azad iştirak etmək, seçmək, seçilmək hüququ verilib.

2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri də ölkəmizdəki demokratik prinsiplərə sədaqəti növbəti dəfə təsdiq etdi. Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə ölkə rəhbəri seçildi. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilər ölkəmizdə keçirilən prezident seçkilərinin azad, şəffaf, demokratik keçdiyini, xalqımızın öz iradəsini azad şəkildə ifadə etdiyini təsdiqlədilər. Prezident İlham Əliyev aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqində də bildirib ki, ölkəmizdə keçirilən seçkilər xalqımızın iradəsini tam şəkildə əks etdirib: “Prezident seçkiləri şəffaf, ədalətli, azad şəkildə keçirilmiş və Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir”.

Qeyd edildiyi kimi, Azərbaycan xalqı ötən 10 ildə görülən işlərə, ölkəmizdə həyata keçirilən böyükmiqyaslı fəaliyyətə, o cümlədən, ölkəmizin beynəlxalq arenada əldə etdiyi yüksək nəticələrə qiymət verdi. Bu gün Azərbaycan dövləti birmənalı olaraq nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, daha böyük coğrafiyanın aparıcı siyasi aktoru kimi çıxış edir. Cənubi Qafqaz bölgəsinin iqtisadiyyatının üçdə iki hissəsi məhz ölkəmizin payına düşür. Bundan başqa, Azərbaycan dövləti son 10 ildə böyük inkişaf yolu keçib. Ölkəmizdə yoxsulluğun həddi 10 dəfələrlə azalıb, bir milyondan artıq yeni iş yerləri yaradılıb ki, bunun da böyük qismi daimi iş yerləridir. Vurğulamaq lazımdır ki, bu gün Azərbaycan dövləti stabil inkişaf yolundadır və Azərbaycan xalqı da aprelin 11-də keçirilən prezident seçkilərində məhz bu stabil inkişafa, ümumilikdə son 10 il ərzində görülən işlərə növbəti dəfə öz razılığını və obyektiv münasibətini ifadə etdi. Prezident İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində də vurğulayıb ki, ötən 10 il ərzində verilən bütün vədlər icra edilib: “Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir. Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini Heydər Əliyev siyasətinin davamına verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edilmişdir”.

Ölkəmizdə bütün vətəndaşların sosial rifahının yüksəldilməsi, o cümlədən, aztəminatlı insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılıb. Ölkəmizdə azad və şəffaf seçkilərin keçirilməsi istiqamətində bütün şərait yaradılıb. İstər seçkidə seçici qismində, istərsə də namizəd qismində iştirak edən vətəndaşlar öz hüquqlarından yüksək səviyyədə istifadə edə bilirlər. Bütün bunların təməlində isə demokratik seçkilərin keçirilməsinin əsas şərti qismində çıxış edən qanunvericilik bazası dayanır.

Azərbaycan hakimiyyəti birmənalı olaraq, azad, şəffaf, ədalətli seçkilərin keçirilməsi yönündə öz iradəsini nümayiş etdirib. Hələ 2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam seçkilərə hazırlıq və seçki dövründə baş verə biləcək qanun pozuntularının qarşısını almaq, seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi daşıyırdı. Seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanunazidd olaraq müdaxilə edəcəyi təqdirdə ölkə qanunvericiliyinə uyğun məsuliyyətə cəlb ediləcəyi göstərilib. Bundan başqa, sənəddə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun səlahiyyətləri çərçivəsində seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verməmək və bu cür faktlar aşkar olunduğu təqdirdə qanunvericiliyə uyğun məsuliyyət təyin edilməsi kimi göstərişlər yer alıb.

Həmçinin, məhz dövlət başçısının 2005-ci ildə imzaladığı Sərəncamda namizədlərə efir vaxtının verilməsi və digər məsələlər də öz əksini tapmışdı ki, bu da ölkəmizdə azad və ədalətli seçkilərin keçirilməsində mühüm rol oynayır. Bu fakt özü Azərbaycan hakimiyyətinin, Prezidentinin ölkədə şəffaf, azad seçkilər keçirilməsində maraqlı olduğunu göstərir. Aprelin 11-də keçirilən prezident seçkiləri də məhz bu cür - demokratik prinsiplər əsasında baş tutdu. Azərbaycan xalqı yüksək seçki mədəniyyətinə, ən doğru seçim etmək bacarığına malik bir xalq olduğunu növbəti dəfə sübuta yetirdi. Prezident İlham Əliyev də andiçmə mərasimindəki nitqində bu məsələyə xüsusi olaraq toxunub: “Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidir”.