YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir Azərbaycan İlham Əliyevlə daim irəlidədir!

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Ölkəmizdə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim edərək səsini ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkəmizi regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasi xadim Prezident İlham Əliyevə verdi. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 4 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu mərhələ bütün sahələri əhatə edən genişmiqyaslı və davamlı islahatlarla xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir.

Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilir. Ölkəmizin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Beləliklə, Azərbaycanın milli maraqları, təhlükəsizliklə bağlı maraqları tam şəkildə təmin olunur, eyni zamanda, kosmik sənayemiz də inkişaf edir. Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin qloballaşan dünyada öz mövqelərinin yüksəlməsini təmin edib. Bu gün tam əminliklə deyə bilərik ki, Cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Bu fikri bir qədər də konkretləşdirib vurğulamaq istərdim ki, ötən 19 il ərzində Cənab İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaqla Ulu Öndərin siyasi varisi, onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiqləyib. Ölkədə demokratik islahatların aparılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində qanunvericilik bazasının formalaşması, ictimai-siyasi stabilliyə zəmanət verən iqtisadi-siyasi layihələrin reallaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların bariz bəhrələridir. Bu bir faktdır ki, bütün bunların əsasında İlham Əliyev şəxsiyyəti, onun fenomenal liderlik keyfiyyətləri dayanır. Avroatlantik məkana inteqrasiya istiqamətində mühüm nailiyyətlər qazanan, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti proqramında uğurla iştirak edən ölkəmizin Şərq dövlətləri ilə də münasibətlərində yeni səhifələr açılmış, diplomatik əməkdaşlığımız olan ölkələrlə münasibətlər daha da dərinləşdirilmişdir. Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Cənab Prezident demişdir: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq”.

Azərbaycan koronavirus təhlükəsindən az itki verən dövlətlərdən biri olaraq, dünyada bu pandemiyadan daha çox zərər çəkən dövlətlərə, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına yardım və ianələr etmişdir. Cənab Prezident bildirmişdir: “Azərbaycan son iki ildə koronavirus pandemiyası ilə mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edib. Təşkilata 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik… Hazırda ölkəmiz yeni yataqların kəşf edilməsi mərhələsindədir. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır: Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq”.

Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması hərəkata uğurlu şəkildə sədrlik etmənin təsdiqi və yüksək qiymətləndirilmənin nəticəsidir. Uğurlu fəaliyyətin zəmanətverici faktoru kimi Prezident İlham Əliyev ölkədə sabitliyi qorudu. Bunun üçün, ilk növbədə, qarşılıqlı münasibətləri tənzimləyən vətəndaş həmrəyliyini, dinamik inkişafı təmin etmək üçün cəmiyyətdə sağlam mənəvi mühiti, vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qorumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğusu və hissi yaratdı. Bunlar bütünlüklə İlham Əliyevi parlaq qələbəyə aparan sistemli strategiya idi. Əlbəttə, bütün uğurların əldə olunmasında “İlhamla irəli!” devizi, sabaha, gələcəyə inam hissi dayanırdı. Prezident seçildiyi ilk gündən İlham Əliyev praqmatik dövlət xadimi kimi iqtisadiyyatın bütün sferalar üzrə inkişafına nail olmağın zəruriliyini bəyan edərək, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addım­lar atdı. Ölkədə qeyri-neft sektorunda iqtisadi dirçəlişə nail olunması istiqamətində sahibkarlıq ənənələrinə yiyələnilməsinə geniş meydan verilməsini, onlara səmərəli dövlət qayğısının həyata keçirilməsinə şərait yaradılmasını prioritet istiqamətlərdən biri kimi bəyan etdi. Cənab Prezident İlham Əliyevin xarici siyasətinin ən önəmli hissəsi Qarabağla bağlıdır. Lakin bu məsələ ilə bağlı Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması, Qarabağ probleminin ədalətli şəkildə artıq silahla həll olunmasını zəruri etmişdi. 2020-ci ilin iyul ayında erməni tərəfi yenidən hərbi təxribatlara əl ataraq, dövlət sərhəddini Tovuz rayonu istiqamətində pozaraq əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi. Yüksək səviyyədə müasir hərbi texnika ilə təchiz olunmuş Azərbaycan ordusu tərəfindən vurulan zərbə nəticəsində düşmən yerinə oturduruldu. Ermənistan tərəfinin diversiya-kəşfiyyat qrupu 2020-ci ilin avqust ayında da, təmas xəttinin Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd göstərsə də, görülən əks-tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür. Ermənistanın davamlı olaraq işğalçı siyasətdən əl çəkməyib 2020-ci il sentyabr ayının 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq təxribatlar həyata keçirməsi həmin təxribatların qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlanılmasına və respublika ərazisində hərbi vəziyyətin elan olunmasına səbəb olmuşdur. Vətənə sevgi, ərazi bütövlüyünün bərpa olunması istəyi, illərcə gözlənilən ədalətin bərqərar olunmasında iştirakdan duyulan qürur və şərəf hissi ilə Azərbaycan ordusu “Dəmir Yumruq”u ilə 44 gün ərzində mənəvi üstünlük və şücaət nümayiş etdirərək Murovdağ silsiləsini, Suqovuşan qəsəbəsini, Cəbrayıl, keçmiş Hadrut qəsəbəsini Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Xocavənd rayonunun böyük hissəsini və Şuşa şəhərini, bütövlükdə 300-dən çox yaşayış məntəqəsini döyüşlə işğaldan azad etmişdir. Onun ardınca isə bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları Müzəffər Ali Baş Komandanımızın şücayəti sayəsində işğaldan azad olundu. Ermənistanın əvvəlki dövrdə olduğu kimi, istər erməni lobbisinin, istərsə də xarici havadarlarının dəstəyi və köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmaq, öz yalan, ikiüzlü, riyakar, nə tarixə, nə də beynəlxalq hüquqa əsaslanmayan siyasətini beynəlxalq ictimaiyyətə sırımaq üçün uğursuz cəhdlər göstərməsinə baxmayaraq informasiya məkanında da ən ali vəzifəni öz üzərinə götürən və sanki informasiya məkanının da Ali Baş Komandanı funksiyasını məharətlə icra edən Cənab Prezidentimiz İlham Əliyev 26 xarici mediaya müsahibələr verdi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla əsaslandırdı və sual doğuran məsələlərə aydınlıq gətirərək reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bütün cinahlarda gedən döyüşlərə şəxsən rəhbərlik edən Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin uğurlu hərbi siyasəti və rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin peşəkarlığı nəticəsində Ermənistan tərəfi məğlubiyyəti qəbul edərək, noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız azad oldu.