YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın seçimi özünü ən yüksək səviyyədə doğrultdu

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Respublikamızda 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqı doğru və müdrik seçim edərək, səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya şöhrətli siyasətçi İlham Əliyevə verdi. Növbəti dəfə xalqın etimadını qazanan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən islahatlar ilə xarakterizə olunur.

Dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlar kursu sosial-iqtisadi, ordu quruculuğu, siyasi, struktur və kadr istiqamətlərini əhatə edir. Bütün bunlar nəticə etibarilə ölkəmizdə cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik mühitinin dönməzliyini təmin edir.

Onun rəhbərliyi ilə son 19 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid prosesinin başa çatdırılması təmin edilmişdir.

Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. İki milyona yaxın yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi 5,4 faizə enmişdir.

Ötən dövr ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb.

Bir sözlə, Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olmuşdur. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən islahatlara yüksək qiymət vermişdir.

Dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan ən ciddi tədbirlər görmüş ölkələr sırasındadır. Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə səmərəli tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı bu bəlayqarşı mübarizədə ölkəmizin gördüyü tədbirləri dəfələrlə yüksək qiymətləndirmiş, bu sahədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır.

Qələbəyə aparan yol çox çətin olur, zəfər asanlıqla əldə edilmir. Bunun üçün iqtisadi inkişaf, tarixi şərait və lazımi siyasi məqam əsas amillərdir. Prezident İlham Əliyev bütün bu məqamları uzaqgörənliklə müəyyənləşdirdi, Ermənistanın 30 ilə yaxın ərazilərimizdə davam edən işğalına son qoymaqla, BMT qətnamələrini təkbaşına icra edərək haqq mübarizəmizi uğurla başa çatdırdı. Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər Ali Baş Komandan olaraq təkcə ölkəmizdə deyil, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətimizə başçılıq etdiyi illər mühüm hadisələr, faktlar və rəqəmlərlə zəngindir. Bu illərin hər biri dövlətçilik tariximizin hər bir azərbaycanlıya qürur hissi yaşadan şanlı səhifələridir. Əminik ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya örnək olacaq səviyyədə xalq-iqtidar birliyinə nail olan, sülhün və əmin-amanlığın hökm sürdüyü ölkəyə çevrilən, iqtisadi göstəricilərinə, vətəndaşlarının rifah halına görə günbəgün inkişaf edən Azərbaycan dövləti daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaq.

Məhz bütün bu amilləri yüksək dəyərləndirən Azərbaycan xalqı 2018-ci ildə Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Azərbaycan xalqı bir daha bütün dünyaya nümayiş etdirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş siyasi müstəqillik sayəsində öz taleyinin əsl sahibidir.

DİGƏR Xəbərlər Arxiv