YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid ailələri ilə görüşlər keçirilib

Abşeron Rayon İcra Hakimiyyətində Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn igidlərimizin ailələri ilə görüş keçirilib. Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədri və Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri iştirak ediblər.

Görüşdə Abdin Fərzəliyev bildirib ki, Azərbaycanla Ermənistan arasında 1994-cü ildə bağlanan atəşkəs müqaviləsindən sonra mənfur düşmənlərimiz dəfələrlə atəşkəsi pozmuş və müxtəlif vaxtlarda hərbi təxribatlar törətməyə cəhdlər etmişlər. Növbəti belə təxribatlardan birinin də 2016-cı il aprelin əvvəllərində törədildiyini, lakin Azərbaycan Ordusunun layiqli cavabı və əks-həmləsi ilə düşmənin darmadağın edildiyini vurğulayan RİH başçısının sözlərinə görə, bu döyüş Qarabağ müharibəsində dönüş nöqtəsi olmuş və beləliklə də ordumuzun gücünü nəinki düşmən, eyni zamanda, onların havadarları da görmüşdür.

Qeyd edilib ki, tarixə Aprel döyüşləri kimi düşən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən savaşın sonunda iki min hektardan çox ərazi və mühüm yüksəkliklər düşməndən azad olunmuşdur. Əsgərlərimiz bu döyüşlə cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında yaratdıqları mifləri və uydurmaları alt-üst etməyi bacarmışlar.

“Aprel döyüşlərindən sonra Qarabağa Böyük Qayıdışın əsası qoyuldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində xalqımız qalib gələrək işğal altında olan torpaqlarımızı tamamilə azad etdi. Hazırda işğaldan azad olunmuş dədə-baba yurdlarımızda böyük quruculuq və abadlıq işləri aparılır. Bu işlər bitəndən sonra həmin şəhər və rayonlarımızda həyat yenidən canlanacaq”, - deyən RİH başçısı onu da qeyd edib ki, bundan sonra da Vətənimizə qarşı hər hansı bir silahlı təxribat baş verəcəyi təqdirdə ordumuz bütün hərbi müdaxilələri yerindəcə məhv etməyə qadirdir.

Respublikamızın bütün ərazilərində olduğu kimi, Abşeron rayonunda da yaşayan şəhid ailələrinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim hiss etdiklərini vurğulayan RİH başçısı şəhid ailələrinin problemləri və qayğıları ilə maraqlanıb.

Şəhid ailələri də öz növbələrində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etdiklərini vurğulayaraq, buna görə təşəkkürlərini bildiriblər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid Həsənli Elçin Vaqif oğlunun əvvəllər yaşadığı Masazır kəndindəki evinə gedərək, onun ailə üzvlərinə baş çəkiblər.

Görüşdə E.Həsənlinin Vətən müharibəsində göstərdiyi şücaətlərdən söz açılıb, xatirəsi ehtiramla yad edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qalib gəldiyi Vətən müharibəsindən, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuq işlərindən, regionda baş verən siyasi proseslərdən və ölkəmizdəki sabitlikdən danışılıb. Abdin Fərzəliyev şəhid ailəsinin problemləri və qayğıları ilə maraqlanıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən müharibəsi qazisi, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən Nağıyev Elşən Mirzəğa oğlunun doğum günündə də iştirak edib. Qazimizi təbrik edən RİH başçısı onun qayğıları və problemləri ilə maraqlanıb.

Rayonda şəhid ailələrinə və qazilərə daima diqqət və qayğının göstərildiyini söyləyən E.Nağıyev buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

DİGƏR Xəbərlər Arxiv