YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir

“Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Bu amil ölkəmizin beynəlxalq platformalarda aktiv iştirakı ilə bağlıdır. Bu baxımdan, Azərbaycan Avropa Şurası ilə də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bilrisiniz ki, aprelin 4-də Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Nümayəndə heyəti Prezidentimiz cənab İlham Əliyevin qəbulunda da olub”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı ilə Avropa Şurası baş katibinin görüşündə vacib məsələlər müzakirə olunub. Cənab Prezident Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının konstruktiv dialoq əsasında inkişaf etməsinin vacibliyini bildirib. Avropa Şurasına üzvlük çərçivəsində ölkəmizin qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırılıb.

Deputat bildirib ki, Azərbaycan beynəlxalq birliyin layiqli üzvü olmaqla yanaşı, etibarlı tərəfdaş kimi tanınır. Ona görə də ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi həm ayrı-ayrı dövlətlər, həm də regional və beynəlxalq təşkilatlar üçün mühüm əhəmiyyət daşıyır. Avropa Şurası da bu baxımdan istisna deyil. Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramı da perspektiv əməkdaşlıq baxımından əhəmiyyətkəsb edir.

S.Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşdə regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü təkliflər, işğaldan azad olunmuş ərazilərdə mövcud durum barədə fikirlərini ifadə edib. Dövlətimizin başçısı Avropa Şurasının da iki ölkə arasında etimad quruculuğu prosesinə və inteqrasiya olunmuş Cənubi Qafqaz regionunun qurulması işinə töhfə verə biləcək bir platforma rolunu oynaya biləcəyini diqqətə çatdırıb.  Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç isə rəhbərlik etdiyi təşkilatın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu qeyd edib.

“Ümumiyyətlə, Ermənistan yeni mərhələdə də beynəlxalq hüquq normalarına, üçtərəfli Bəyanatın konkret tələblərinə zidd addımlar atmaqda davam edir. Buna görə də, sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılmasında fəal iştirak etmək istəyən  Avropa İttifaqı və Avropa Şurası kimi beynəlxalq təşkilatlar bu reallıqlara adekvat addımlar atmalı, Ermənistan hakimiyyətinə təsir etməlidirlər. Yeni təşəbbüslər isə bütün tərəflər üçün faydalı və perspektivlidir. Bütövlükdə isə, hazırda həm Avropa məkanında, həm də müxtəlif bölgələrdə sabitlik və əməkdaşlıq mühitinin təmin olunması beynəlxalq birliyin xüsusi diqqətindədir. Beynəlxalq ictimaiyyətin nəzəri həm də postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazdadır. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Düşünürəm ki, Avropa İttifaqı və Avropa Şurası bu prosesə vacib töhfə verə bilərlər”,-deyə S.Fətəliyeva vurğulayıb.