YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə Saatlı rayonunda Şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib. "Zəfər Azərbaycanındır" şüarı altında keçirilən aksiya iki gün davam edib.

Aksiya iştirakçıları öncə Saatlı rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə qızılgül dəstələri qoyublar. Sonra rayon mərkəzindəki Şəhidlər xiyabanı ziyarət edilib, 31 Mart soyqırımı qurbanlarının, Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb, abidələri önünə tər qərənfillər düzülüb.

Daha sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasında aksiyaya start verilib. Aksiya çərçivəsində şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə professor Tofiq Cahangirov və onun rəhbərliyi altında çalışan həkim heyəti tərəfindən lazımi tibbi xidmətlər göstərilib.

Aksiya barədə məlumat verən YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov bildirib ki, bu “Zəfər Azərbaycanındır” şüarı ilə keçirilən ikinci aksiya idi: “İlk aksiyamız ötən il Qarabağda qazandığımız Qələbənin ildönümü ərəfəsində - noyabrın 8-9-da Sabirabad rayonunda baş tutmuşdu. Bu aksiya isə Saatlı rayonunda keçirildi və iki gün davam etdi. İki gün ərzində həkimlərimiz tərəfindən şəhid ailələrinin üzvləri və qazilərimiz üçün müxtəlif müayinələr aparılıb, onlara müalicələr təyin olunub”.

T.Cahangirov bildirib ki, əvvəlki aksiyadan fərqli olaraq, bu dəfə yalnız kardioloji deyil, digər müayinələr də aparılıb: “Rəhbərlik etdiyim komandada 8 həkim təmsil olunurdu. Biz əsasən, elektrokardioqrafiya, rəngli dopler exokardioqrafiya, labarator müayinələr təşkil etdik. Ümumiyyətlə, noyabrda Sabirabadda keçirilən birinci aksiyadan sonra belə qənaətə gəldik ki, şəhid yaxınları və qazilərimizin yalnız kardioloji deyil, həmçinin nevroloji və digər müayinələrə də ehtiyacı var. Ona görə də bizim komandamızda Nevropatoloq, endokrinoloqa, müasir rəngli dopler exokardioqrafiya mütəxəsissləri və digər həkimlərimiz də var idi. Həmçinin laborator müyinələr -  xəstələrdə şəkər, kreatinin, laxtalanma sistemi və digər analizlər aparıldı, diaqnozlar dəqiqləşdirildi, təyinatlar müəyyən olundu. 2 gün ərzində gərgin əmək sərf edən həkimlərimizə dərin təşəkkürümü bildirirəm. Həmçinin Fransanin "Servier" şirkətinin aksiyaya böyük dəstəyi oldu. Onlar bundan əvvəlki aksiyamıza da dəstək vermişdilər. Şirkətin nümayəndələri daha çox ehtiyacı olan xəstələri pulsuz və keyfiyyətli dərmanlarla təmin etdilər”.

YAP İdarə Heyətinin üzvü belə aksiyaların davamlı olacağını açıqlayıb: “Biz qarşıdakı aylarda növbəti aksiyalarımızı keçirməyi planlaşdırırıq. Üçüncü aksiyamızı Kürdəmir rayonunda keçirmək niyyətindəyik. Daha sonra şimal bölgəsində də tibbi müayinə aksiyamız olacaq. Ümimiyyətlə, biz belə aksiyaların respublikanın bütün bölgələrini əhatə etməsini nəzərdə tuturuq.

DİGƏR Xəbərlər Arxiv