YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural Qasımlı: İlham Əliyevin davamlı və məqsədyönlü siyasəti

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri

Prezident cənab İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Uzaqgörən siyasəti, reallığı düzgün qiymətləndirmək bacarığı, yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbətini durmadan artırır.

Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf dövrünü yaşamış, ölkəmizin qarşısında duran vəzifələr uğurla həyata keçirilmişdir. Ümumiyyətlə, dövlət başçısı cənab İlham Əliyev 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, Azərbaycan xalqının əmin-amanlıq və firavan həyatını təmin etmək üçün verdiyi bütün vədləri yerinə yetirib. Bir sıra qabaqcıl ölkələrin  uzun illər ərzində keçdiyi inkişaf dövrünü qısa müddət ərzində sürətlə qət edən Azərbaycan müasirləşmə yoluna qədəm qoyub. Hazırda Azərbaycan dünya reytinqlərində yüksək yerlərindən birini tutur.

Aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışında cənab İlham Əliyev növbəti dövr üçün dövlət başçısı kimi əsas fəaliyyət istiqamətlərini açıqladı. O, seçkiqabağı təşviqat zamanı digər namizədlər tərəfindən səslənən fikir və təkliflərin də nəzərə alınacağını, gündəmdə olan məsələlərə diqqətlə yanaşacağını vurğuladı.

Azərbaycan Prezidenti sənayenin, aqrar sektorun və infrastrukturun inkişafının dəstəklənməsi, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun azaldılması, sosial təminatın yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdır. İlham Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmləndi və beynəlxalq nüfuzumuz artdı. Hazırda da qonşu dövlətlərlə əlaqələrimiz uğurla inkişaf edir.

Azərbaycan Respublikası ölkəmizin ərazi bütövlüyünü qoruyan və dünyanın ən güclü orduları sırasında olan yüksək döyüş hazırlığına malik silahlı qüvvələrə malikdir. Müzəffər ordumuz 44 günlük Vətən müharibəsi zamanı erməni qəsbkarlarına layiqli cavab verərək, düşmənə sarsıdıcı zərbə vurdu və nəticədə işğal olunmuş ərazilərimiz azad edildi. İkinci Qarabağ müharibəsi dövründə xalqımız cənab İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşdi, 30 il işğal altında olan Qarabağımız azadlığına qovuşdu. Vaxtilə erməni qəsbkarları tərəfindən işğal olunmuş Şuşa şəhərində Azərbaycan bayrağının dalğalanması bizə böyük qürur hissi bəxş edir. Bu şanlı qələbə xalqımızın və dövlətimizin gücünü erməni qəsbkarlarına nümayiş etdirdi.

Dövlət başçısının müdrikliyi sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi dünya birliyində öz mövqeyini daha da möhkəmləndirib. Başqa dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən biri olub. Beynəlxalq aləmdə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa, geostrateji maraqların həyata keçirilməsinə, terrorizmə qarşı mübarizəyə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşamasına yönəlmiş uzaqgörən xarici siyasət həyata keçirilib.

Cənab İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsindən sonra Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliklər baş verdi, idarəetmə sahəsində müasir bilik və bacarıqlara malik gənc kadrlar hökumətdə yüksək vəzifələrə təyin olundu. Dövlət orqanlarının və strukturlarının fəaliyyətinin optimallaşdırılması məqsədilə Azərbaycan Prezidenti 2019-cu il yanvarın 14-də dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Sənədə əsasən, idarəetmə sistemində çevikliyin və operativliyin təmin edilməsinə yönəlmiş əsaslı struktur islahatlarına başlanılıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman da məhz bu məqsədə xidmət edir.

“Azərbaycan Respublikasında bir sıra çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi haqqında” və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu ilin fevralında imzaladığı sərəncamlar bir daha göstərdi ki, sosialyönümlülük və humanizm prinsipləri əsas götürülür, sosial maraqların qorunmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına böyük diqqət yetirilir.

Prezident İlham Əliyev məhkum olunmuş şəxslərin əfv olunması ənənəsini davam etdirib. Azərbaycan Prezidentinin 2019-cu il martın 16-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında” Fərmanı ilə 431 nəfər əfv edilib.

Dövlət başçısının ötən il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 300 manatdan 500, müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300, Milli qəhrəmanlarımız üçün 1500 manatdan 1800, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 min manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Sosial-iqtisadi inkişafa güclü təkan verən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən islahatlar Azərbaycanın beynəlxalq aləmdə islahatçı dövlət kimi mövqe tutmasına öz töhfəsini verir.

DİGƏR Xəbərlər Arxiv