YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşləri – böyük zəfərin müjdəçisi

Altı il öncə Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar baş vermişdi. Hərb tarixinə “Aprel döyüşləri” kimi düşən bu savaşın nəticələri dərin hərbi və siyasi məzmuna malik idi.

44 günlük Vətən müharibəsində Ermənistanın sarsıdıcı məğlubiyyəti bu gün birmənalı şəkildə belə deməyə əsas verir ki, Aprel döyüşləri ərazilərimizin azad edilməsi ilə nəticələnən Azərbaycanın parlaq qələbəsinin müjdəçisi olmuşdu. Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş və alınmaz qala iddia edilən müdafiə sisteminə ilk dəfə məhz Aprel döyüşlərində sarsıdıcı zərbə vurulmuş və Azərbaycan Ordusunun öz qarşısında dayanmış strateji vəzifələri yerinə yetirməyə qadir olduğu təsdiqlənmişdi.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalmışdı. Azərbaycanın təmas xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla, 6 mülki şəxs həlak olmuş, 26 nəfər isə ağır yaralanmışdı. Bundan başqa, hücumlar nəticəsində çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən, mülki infrastrukturlara ciddi ziyan dəymişdi.

Düşmənin hərbi təxribatının və barbarlığının qarşısını almaq üçün Azərbaycan Ordusu hərəkətə keçməyə məcbur olmuşdu. Əks-hücum nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad edilmişdi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancılmışdı. 4 günlük döyüşlər zamanı ermənilərə məxsus 30 tank, 15-ə qədər artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis konstruksiyaları məhv edilmişdi. Ümumilikdə, Aprel döyüşlərinin yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilmiş və bununla da böyük qələbənin təməli qoyulmuşdu.

Əlbəttə, Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi və dördgünlük döyüşlərdə qazanılan qələbə xalqımızın orduya olan inamını daha da artırdı. Bununla yanaşı, Aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bütün parametrlərinə görə Ermənistan ordusundan üstündür və işğal altında olan torpaqları azad etməyə qadirdir. Belə ki, Azərbaycan Ordusunun bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin ön və təmas xəttindən dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirmiş, onları qəti zərbələrlə sıradan çıxarmışdı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə demişdi ki, Aprel döyüşləri Azərbaycanın şanlı hərbi qələbəsidir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir: 44 günlük İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarını darmadağın edərək, 30 illik işğala son qoydu, ölkəmizin ərazi bötüvlüyünü bərpa etdi.

2020-ci il Qələbəsinin əsası məhz 2016-cı ilin Aprel döyüşlərində qoyulmuşdu. Aprel döyüşləri Azərbaycan Ordusunun müasirləşdirilməsinin praktiki nəticə verməsinin ilk uğurlu nümunəsi olmuşdu. Aprel döyüşlərinin təcrübəsi, qazanılan biliklər, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərini keçmək bacarığı olmasaydı, beş il sonrakı uğura ümid etmək olmazdı. Aprel qələbəsinin, daha sonra isə 44 günlük vətən müharibəsi yekun qələbənin Azərbaycan Silahlı Qüvvələrinin regionda ən yaxşılardan olduğunu və müasir müharibə qanunlarına uyğun olaraq səmərəli fəaliyyət göstərdiyini təsdiqlədi.

2016-cı ilin Aprel döyüşləri münaqişə bölgəsindəki status-kvonun əbədi olaraq qoruna bilməyəcəyini bir daha isbatlamışdı. Ermənilərin “Ohanyanın müdafiə xəttini” bir çox yerdən aşan Azərbaycan Ordusunun döyüşlərin ilk iki günü ərzində işğal olunmuş ərazilərin strateji cəhətdən əhəmiyyətli bölgələrini azad edən azərbaycanlı əsgərlər öz silahlarının qüdrətini və onlara mükəmməl yiyələnmək bacarığını göstərdilər. “Onların bacarıqlı döyüş hərəkətləri nəticəsində nəinki Lələtəpə və Cocuq Mərcanlı həmsərhəd kəndlərinin hündürlüyü azad edilmiş, həm də İran – Azərbaycan sərhədində Araz çayı üzərində olan torpaqların Xudafərin körpüləri istiqamətində nəzarəti genişləndirilmişdi”.

Heç kimə sirr deyil ki, Azərbaycanın Aprel döyüşlərində əldə etdiyi qələbə uzun illər İrəvanda hakimiyyəti əlində saxlayan erməni hərbi-siyasi elitasının belini qırmışdı. Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımının təşkilatçılarından olan Seyran Ohanyan bir çox yüksək rütbəli zabitlərlə birlikdə vəzifəsindən azad edilmişdi. Baş nazir Ovik Abrahamyan da istefa vermişdi. Aprel döyüşlərindən iki il sonra Ermənistanda siyasi təlatümlər baş vermiş və Serj Sarkisyan rejimi nəhayət yıxılmışdı. Halbuki, 2 aprel 2016-cı il tarixinədək və ondan sonra da Azərbaycan daim qeyd edirdi ki, Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə hazırdır, bu yol daha məqbuldur. Əgər döyüşlər yenidən başlanarsa, Azərbaycan əsgərləri Vətən və onun uğrunda həlak olmuş yoldaşları qarşısında öz borclarını bir daha yerinə yetirməyə hazır olacaqlar. Azərbaycanın bu xəbərdarlığını diqqətə almayan Ermənistanın yeni rəhbərliyi də köhnələrin yolu ilə getməyi üstün tutdu və bunun ağır nəticələrini hiss etməyə məhkum oldu. 27 sentyabrda növbəti hərbi təxibata əl atan erməni silahlı qüvvələri Azərbaycanın tutarlı və dağıdıcı əks-hücum əməliyyatlarının hədəfinə çevrildi, 44 gün ərzində erməni ordusu adında heç nə qalmadı.

Bir sözlə, Aprel döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini nümayiş etdirdi, Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi sahəyə göstərdiyi diqqətin, silahlı qüvvələrin işğal olunmuş əraziləri istənilən an azad etmək bacarığının göstəricisi oldu.

Fəxrəddin Vəliyev

YAP Şəmkir Rayon Təşkilatının sədri

DİGƏR Xəbərlər Arxiv