YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı yeni zirvələrə aparır

“44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu qəhrəmanlıqla döyüşərək, torpaqlarımız işğaldan azad etdi. Bu müharibədəki qələbə nəticəsində Azərbaycan regionda yeni reallıqlar yaradıb. Hazırda Azərbaycan bölgədə diktə edən və Ermənistanla bütün sərhəd boyu əməliyyat prosesini nəzarətdə saxlayan bir tərəf olaraq beynəlxalq birlik tərəfindən qəbul edilməkdədir”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, müharibədən sonra da Azərbaycan sülhpərvər missiyasını davam etdirir: “ Müharibədə qalib olmağımıza baxmayaraq biz ənənəmizə sadiqlik nümayiş etdiririk. Belə ki, müharibədən sonra cənab Prezident İlham Əliyev humanist addım ataraq, qarşı tərəfə sülh təklifi ilə çıxış etdi. Regionda əbədi sülhə, əminamanlığa və davamlı inkişafa xidmət edən bu təklif beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir”.

Millət vəkili deyib ki, 10 noyabr Bəyanatına əsasən Ermənistan üzərinə bir sıra öhdəliklər götürsə də, hələ də onların bir qismini yerinə yetirməyib: “Bu da postmüharibə dövründə Ermənistanın səmimi davranış nümayiş etdirmədiyini ortaya qoyur. Amma Azərbaycan postmüharibə dövründə də cənab Prezident İlham Əliyevin rəhbrəliyi ilə uğurlu daxili və xarici siyasət həyata keçirir”.

N.Həmzəyev Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında bu məqama xüsusi olaraq toxunduğunu bildirib: “Qeyd edim ki, məhz bu siyasət nəticəsində Ermınistanın və bu ölkədəki revanşist qüvvələrin niyyətləri tamamilə puç olub. Bu gün Azərbaycan region dövlətləri ilə əməkdaşlığını uğurla davam etdirir. Azərbaycanın zəfərini, postmüharibə dövründə atdığı addımları beynəlxalq təşkilatlar, güc mərkəzləri qəbul edirlər. Bu gün hər kəs Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Ermənistan da hər keçən günün onların ziyanına olduğunu artıq anlamaqdadır. Bu ölkədə artıq reallığı dərk etməyə başlayıblar. Ona görə də Ermənistan Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul edib. Bir sözlə, postmüharibə dövründə Azərbaycan qarşı tərəfi də müharibədən sonrakı reallıqları qəbul etməyə və ölkəmizin istədiyi proseslərə cəlb etməyə məcbur edə bildi. Bu gün proses məhz bu məcrada inkişaf etməkdədir”.

“Ancaq hətta sülh anlaşması imzalanacağı təqdirdə də biz qonşumuzun erməni olduğunu unutmamalıyıq. Cənab Prezidentin də çıxışında bəyan etdiyi kimi əlbəttə, biz heç vaxt bu işğalı unutmamalıyıq, erməni vəhşiliyini unutmamalıyıq. Yəni, biz onların iki əsr boyu xalqımıza qarşı törətdikləri çoxsaylə cinayətləri unutmamalı, hər zaman tariximizi öyrənməli və gələcək nəslə də öyrətməliyik”, - deyə millət vəkili əlavə edib.

N. Həmzəyev qeyd edib ki, Azərbaycan düzgün yoldadır: “Azərbaycan müasir çağırışları dəstəkləməklə yanaşı, buna sadiqdir. Azərbaycan verdiyi bütün sözləri, üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Azərbaycan beynəlxalq layihələri reallaşdırmaq gücünə malikdir və bu gün Avropanın enerji təhlükəsizliyində çox fəal şəkildə iştirak edir. Bir sözlə Azərbaycan günü-gündən inkişaf edir, güclənir və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük qələbələrə, zəfərlərə imza atacağımıza inanıırq. Çox sevinirik və fəxr edirik ki, bizim cənab Prezident İlham Əliyev kimi bir liderimiz var. Bu gün dünyadakı gərginliklər və problemlər fonunda Azərbaycanın bir stabillik adasını xatırlatması da əbəs yerə deyil. Çünki Azərbaycanın rəhbərliyində uzaqgörən, xalqın və dövlətin milli maraqlarını əldə rəhbrə tutaraq siyasət həyata keçirən lider var. Qarşı tərəf də bunu yaxşı bilir. Son ilyarım ərzində görülmüş işlər, xüsusilə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilmiş işlər onu deməyə imkan verir ki, əm qısa zamanda biz keçmiş qaçqın və məcburi köçkünlərin də öz dədə-baba yurdlarına qayıtmasına, o ərazilərin cənnət-məkana cevrilmısinin şahidi olacayıq”.