YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bundan sonra da öz lideri ilə daha böyük qələbələrə imza atacaqdır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri   

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə görülmüş işlər, buraxılan nöqsanlar təhlil olunur, eyni zamanda, gələcək fəaliyyətimiz üçün praktiki addımların atılması müəyyən edilir.

Son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. İlin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.

Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız 45 faiz artıb. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Azərbaycanın iqtisadi potensialının artması nəticəsində ölkənin dünya birliyində mövqeləri güclənib, beynəlxalq siyasi-iqtisadi əlaqələri genişlənib. Xüsusən, müharibədən sonrakı dövr ərzində biznesə başlama, işəgötürmə, əmlakın qeydiyyatdan keçirilməsi, kredit əldə edilməsi, investorların maraqlarının qorunması, vergi ödəmələri və müqavilələrin bağlanması sahəsində aparılmış islahatlar Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli imkan yaratmışdır. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər dövlətimizin seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir.

Bu iqtisadi göstəricilərimiz əlbəttə ki, bizi çox sevindirir. 6,8 faiz artan iqtisadiyyatımız dünyada gedən proseslər müqabilində, əlbəttəki, böyük nailiyyətdir. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Dövlətimiz  güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin həllində də ciddi addımlar atır. Əgər iqtisadi imkanlarımız olmasaydı, biz nəyin hesabına pensiyaları, maaşları qaldıra bilərdik, nəyin hesabına böyük investisiya qoya bilərdik, infrastruktur layihələrini nəyin hesabına həyata keçirə bilərdik?! Əlbəttəki bütün bunlar cənab İlham Əliyevin uğurlu sosial-İqtisadi siyasətinin nəticəsdir.

Sonuncu müşavirədə də cənab İlham Əliyev Şəhid ailələrinə qayğı göstərilməsini xüsusi olaraq vurğuladı. Xüsusən Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailərinə dövlət qayğısının ən böyük nümunəsidir. Ötən il üç minədək mənzil məhz şəhid ailələri və müharibə əlillərinə təqdim olundu. Cari ilin birinci rübündə də 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib.

Bu gün “YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutaraq onların həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görürlər.

 Göründüyü kimi, ölkəmiz COVID-19 pandemiyası təsirinə məruz qalsa da, Ermənistanın hərbi təxribatlarına cavab olaraq Vətən müharibəsini yaşasa da, iqtisadiyyat böhranla üzləşməyib. Əksinə, bu sahə dinamik inkişafını, dayanıqlılığını qoruyub saxlaya bilib. Buna, ilk növbədə, aparılan düzgün siyasətin, eyni zamanda, son 19 il ərzində yaradılan iqtisadi təməlin mövcudluğu nəticəsində nail olunub. 30 ilə yaxın bir müddətdə işğal altında olan ərazilərin mövcud vəziyyəti bir daha göstərdi ki, həmin ərazilər həqiqətən inkişaf baxımından Azərbaycandan çox geridə qalıb və Ermənistan, Qarabağın separatçı rejimi həmin əraziləri inkişaf etdirə bilməyib və etdirə biməz. Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyir. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir.

Azərbaycan bundan sonra da öz lideri ilə daha böyük qələbələrə imza atacaqdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bizi qarşıda yeni uğurlar və qələbələr gözləyir.

DİGƏR Xəbərlər Arxiv