YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2022-ci ilin birinci rübünün göstəriciləri Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini isbatlayır

“Pandemiyanın təsirlərinə və müharibədən sonrakı reallıqlara baxmayaraq, bu ilin birinci rübündə də Azərbaycan uğurla inkişaf edib. Elə yalnız ümumi daxili məhsulun 6,8 faizlik artımı postpandemiya dövrünə aid böyük nailiyyətdir. Həmçinin, cari ilin birinci rübündə qeyri-neft iqtisadiyyatı 10 faizdən çox, sənaye istehsalı sahəsi 4 faiz, qeyri-neft sənaye istehsalı 18 faizdən çox, xarici ticarət dövriyyəsi 60 faizdən çox, ölkə ixracı iki dəfədən çox, qeyri-neft ixracı 45 faiz artıb. Eyni zamanda, xarici ticarət saldosu cəmi üç ayda 5.1 milyard dollar təşkil edib ki, dünyanın əksər ölkələrində bu sahədə saldo mənfidir. Eləcə də, xarici dövlət borcu da azalıb. Bir sözlə, 2022-ci ilin ilk üç ayının göstəriciləri bir daha isbatlayır ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Heç şübhəsiz ki, ötən üç ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır və postmünaqişə dövrünün birinci ilinin nəticələri də onu deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr uğurla icra edilib”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

R.Vəlibəyov bildirib ki, əldə olunan iqtisadi yüksəliş aparılan islahatların nəticəsidir: “Məhz, bütün sahələrdə şəffaflaşmanın həyata keçirilməsi, korrupsiya ilə ciddi  mübarizənin aparılması, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə sektorunda nizam-intizamın təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsi Azərbaycanda inkişaf tendensiyasının keyfiyyətcə yeni mərhələsini labüdləşdirib. Qeyd edilməlidir ki, istər pandemiyadan əvvəlki, istərsə də sonrakı müddətdə, xüsusilə də postmünaqişə dövründə Azərbaycan iqtisadi və sosial sahələrdə qarşısında duran bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. 2018-ci ildən sonra ölkədə 3 böyük sosial paketin icra olunması, həssas qrupların təqaüdlərinin, əhalinin maaşlarının artırılması, dünyadakı geosiyasi böhranın doğurduğu təsirlərə baxmayaraq, heç bir sosial layihənin ixtisar edilməməsi bir daha Azərbaycanın uğurlu inkişafından, düzgün siyasətin həyata keçirilməsindən xəbər verir”.

“Bir məqam da xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazanıb və heç kimdən dəstək almayıb” – deyən R.Vəlibəyov əlavə edib ki, bu gün azad edilmiş torpaqlarda da həyata keçirilən abadlıq-quruculuq işləri Azərbaycanın öz gücünə reallaşdırılır: “Azərbaycana edilən təyziqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq, Azərbaycan Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kapitulyasiya imzalamasından sonra dərhal bərpa işlərinə başlaması, həmçinin ötən müddət ərzində əldə olunan uğurlara və nailiyyətlərə nəzər yetirdikdə dövlətimizin iradəsinin və gücünün bir daha şahidi oluruq. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması, onlarla kilometr yolların, elektrik xətlərinin, dəmir yollarının çəkilməsi, hava limanlarının inşası, tunellərin salınması, şəhərlərin, mədəniyyət abidələrinin bərpası nümayiş etdirir ki, Azərbaycan öz gücünə işğaldan azad edilmiş əraziləri də bərpa edəcək, həmin yerlərə həyatı qaytaracaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, nümunəvi inkişaf bölgəsi olacaq”.