YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan diplomatiyasının Brüssel zirvəsi

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü, Professor

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələri hələ də müzakirə olunmaqdadır. Bu da təsadüfi deyil. Ona görə ki, bu görüş Prezident İlham Əliyevin öz çıxışlarında tez-tez vurğuladığı "Qarabağ münaqişəsi artıq keçmişdə" qalıb fikrinin həqiqət olduğunu bir daha təsdiqlədi. Azərbaycan 44 günlük müharibədə qələbəsi ilə münaqişəni həll edib, regionda yeni reallıq, sülh üçün zəmin yaradıb. Ermənistan rəhbərliyinin son davranışları isə onun bu reallıqla barışmaqdan başqa yolunun olmadığını ortaya qoyur. Başqa sözlə, Azərbaycan qalib tərəf kimi öz şərtlərini diqtə edir, Ermənistan isə bu şərtləri qəbul etməyə məcbur olur.

Brüssel görüşünün nəticələri sırasında Avropa İttifaqının oynadığı pozitiv rolu da qeyd etməmək olmaz. Bu da təsadüfi deyil. Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev Avropa İttifaqı ilə təmasların müharibədən sonra daha intensiv xarakter aldığını vurğuladı: Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur".

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşdən sonra verdiyi bəyanatda qeyd etdi ki, o, hər iki lideri Aİ-nin hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib. Şarı Mişel bildirdi ki, hər üç liderin ortaq məqsədi regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqdır. Məhz bu səbəbdən Aİ Şurasının Prezidenti 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etdi. Bu çağırış Azərbaycanın maraqlarına tamamilə cavab verirdi. Çünki, 44 günlük müharibədən sonra Azərbaycan tərəfinin əsas istəyi və tələbi məhz elə bu öhdəliklərin yerinə yetirilməsidir. Rəsmi Bakı  Soçi görüşünə də bu niyyətlə qatılmışdı. Bu baxımdan hesab etmək olar ki, Azərbaycan istər Soçi görüşündə, istərsə də Brüsseldə qarşısına qoyduğu məqsədə nail ola bildi. Bu da məhz Prezident İlham Əliyevin uzaqgörən, prinsipial siyasətinin, uğurlu diplomatiyasının nəticəsidir.

Brüssel görüşündə iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin uğurla qurulması da qeyd edildi ki, bu da münasibətlərin normallaşdırılması baxımından az əhəmiyyət kəsb etmir. Elə məhz bu addımın məntiqi davamı kimi, bu günlərdə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla erməni həmkarı Arorat Mirzoyan arasında da telefon danışığı oldu. Bu son 30 ildə birbaşa qurulan ilk telefon bağlantısı idi. Bu danışıqlar onu göstərir ki, artıq vasitəçi olmadan, xüsusi görüşlər təşkil edilmədən Azərbaycanla Ermənistan arasında danışıqlar baş tutur. Artıq Azərbaycanla Ermənistan arasında kövrək də olsa, müəyyən münasibətlər qurulur.

Brüssel görüşündə əsas humanitar məsələlərin həllinin vacibliyi də vurğulandı ki, Ermənistandan fərli olaraq, Azərbaycan bu istiqamətdə öz üzərinə düşən məsələləri həll edir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfindən bu yaxınlarda on erməni məhbusun azad edilməsini alqışladı. Ermənistan tərəfinə isə itkin düşmüş şəxslərin taleyinin həlli ilə bağlı çağırış edildi. Odur ki, Ermənistan doğrudan da münasibətlərdə etimadı artırmaq istəyirsə, Azərbaycanın qaldırdığı humanitar məsələləri həll etməlidir.

Brüssel görüşündə əldə olunan ən əsas nəticələrdən biri isə Prezident İlham Əliyev və Baş nazir Paşinyanın  Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlara başlanılması barədə razılığa gəlmələri oldu. Artıq Ermənistan tərəfindən rəsmi səviyyədə dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin tezliklə başlamasının vacibliyi vurğulanır. Elə dünən parlamentdə çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bu fikri vurğuladı. Paşinyan hətta Ermənistanın MDB-yə daxil olarkən, Azərbaycanın ərazi bütövlüyünü de-yure tanıdığını da xatırlatdı. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan tərəfi bu konstruktiv yanaşmaları davam etdirəcəksə, o zaman imzalanacaq sülh müqaviləsində Ermənistan bir daha Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı haqqını tanıyacaq ki, Azərbaycanın əsas tələblərindən biri də elə budur.

Danışıqlarda əldə olunan ən əsas razılaşma isə sülh sazişi ilə bağlı idi. Tərəflər arasında xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi barədə razılıq əldə olundu. Biz artıq bu prosesin başlandığını da müşahidə edirik. Xarici işlər nazirləri arasında telefon danışığı da elə bunun təsdiqidir. Sülh sazişinə dair razılaşma isə bir daha onu deməyə əsas verir ki, İrəvan Bakının təklif etdiyi 5 baza prinsipini qeyd-şərtsiz qəbul edib. Bəyanatda “status”, yaxud “münaqişə”yə dair heç bir qeydin olmaması da növbəti uğur kimi dəyərləndirilməlidir. Bu baxımdan Brüssel görüşünü bölgədə gələcək sülh və əmin-amanlığın təmin olunması istiqamətində mühüm addım hesab etmək olar.

DİGƏR Xəbərlər Arxiv