YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağda tarixi Zəfərimiz beynəlxalq miqyasda qəbul edilir

Arif Fərzəliyev

YAP Cəbrayıl raon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız, İlham Əliyevin sədrliyi ilə bu ilin birinci  rübünün yekunlarına həsr olunan müşavirə postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinə, ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri ilə bağlı görülən tədbirlərin miqyasına, eyni zamanda, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir daha işıq saldı. Cari ilin birinci rübünün yekunları bütövlükdə 2022-ci ili də uğurla başa vuracağımıza böyük əsaslar yaradır. Hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil olan iqtisadi inkişafa nəzər salsaq Azərbaycanın bu ilin birinci rübündə əldə etdiyi sosial-iqtisadi göstəricilərin qənaətbəxş olduğunu görərik. Bu müddətdə ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir. Qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımların məntiqi nəticəsidir ki, Azərbaycan hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur. 2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın iqtisadi artımı ilə diqqətdə olması, 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərməsi kimi mühüm addımlar imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev müşavirədə birinci rübün yekunlarına söykənərək bildirmişdir ki, “hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Amma dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir”.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu müddətdə   beynəlxalq təşkilatlarla fəal əməkdaşlığını davam etdirmiş və dünyanın aparıcı qurumları İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionumuzda yaratdığı yeni reallıqları qəbul etmişlər: “Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbirin Şuşada keçirilməsi çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT postmünaqişə dövrünün reallıqlarını qəbul edən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ən nüfuzlu beynəlxalq qurumdur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Baxmayaraq ki, sənədlər 30 ilə yaxın dövrdə kağız üzərində saralaraq ədalətli icrasını gözlədi, amma dünya gücləri işğalçını adı ilə çağırmadan məsələnin sülh yolu ilə həllinin mümkünlüyünü bildirərək ikili standartlara əsaslanan siyasətləri ilə 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldular. Amma reallıq budur ki, BMT o zaman da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, bu gün də Zəfərimizin yaratdığı reallıqları qəbul edərək ölkəmizin bu aparıcı beynəlxalq təşkilata üzv qəbul edilməsinin 30 illiyini 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşada qeyd etdi. BMT-nin bu addımı  Ermənistanda  növbəti panikaya, isterikaya səbəb oldu”.

Cənab Prezident, bu uğurlarımız fonunda bütün çıxışlarında, o cümlədən aprelin 12-də keçirilən müşavirədəki nitqində belə bir çağırışı da etdi ki, heç vaxt işğalı, erməni vəhşiliyini unutmamalıyıq.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müşavirədə səsləndirdiyi “Gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir” fikirlərini önə çəkərək Ermənistanın inkişafının özündən, qonşu ölkələrə bundan sonrakı münasibətindən asılı olacağını xüsusi qeyd edib: “İşğalçılıq siyasəti, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış etmək Ermənistana çox baha başa gəldi. Bütün enerji layihələrindən təcrid olunan Ermənistan iqtisadi böhran içərisində çabaladı, ölkəni kütləvi tərketmələr davamlı xarakter aldı. Müstəqilliyi formal xarakter daşıyan Ermənistan bu və ya digər dövlətlərin əlində maraqlarının həyata keçirilməsində bir vasitəyə çevrildi. Hazırkı postmünaqişə dövrü Ermənistana şans verir ki, Azərbaycanla sülh müqaviləsini imzalamaqla özünün iqtisadi vəziyyətini yaxşılaşdırsın, yeni regional və qlobal əməkdaşlıq formatlarında iştirak etmək imkanı qazansın. Dövlət başçısının vurğuladığı kimi, Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək”.

Dövlət başçısı İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı bir-iki il üçün işğaldan azad edilmiş torpaqlarda görüləcək işlərin miqyasını açıqladı. Bu işlər nəqliyyat infrastrukturunun yenilənməsi, bərpası, qaz, enerji xətlərinin çəkilişi, şəhərlərin baş planlarının hazırlanması, ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdışın tezliklə reallığa çevrilməsidir. Zəngilanın Ağalı kəndləri bu il sakinlərini qarşılayacaq. Bu il, həmçinin “Ağıllı kənd” layihəsi çərçivəsində Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa ediləcək. Bir sözlə, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmaları  üçün kompleks tədbirlər görülür. Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız işğaldan azad edilmiş ərazilərimizlə bağlı bütün planların real həyatda öz əksini tapacağına əmindir.

Son ilyarım ərzində görülmüş işlər, xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur rayonlarında həyata keçirilmiş işlər onu deməyə imkan verir ki, ən qısa vaxtda biz, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasına, o əraziləri gözəl məkana çevrilməsinə şahidi olacağıq.

DİGƏR Xəbərlər Arxiv