YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyev - dövlət dilinin inkişafının və qorunmasının təminatçısı

David İbramxəlilov

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində gördüyü işlər Azərbaycan qarşısında olan misilsiz xidmətlərindəndir. Ümummilli lider deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Həqiqətən də Ulu Öndər bütün çətinliklərə sinə gələrək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Məhz Ümummilli liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.

Ulu Öndərin həyata keçirdiyi dil siyasəti bütün dövrlərdə inamla yürütdüyü dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə nail olub. İlk növbədə məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dili artıq sovet dönəmində dövlət dili statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər respublikalardan  fərqli olaraq, Azərbaycanda gənc nəslin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazırdılar. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və ardıcıllıqla araşdırılıb, elmi-maarifləndirici kitablar, dərsliklər nəşr olunub, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, Azərbaycan dilinin nüfuzu bir daha təsdiq edilib. Nəhayət ən əsası, ümummilli liderimiz bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol açması, yüksək nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu Öndər Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyətinin və yürütdüyü müdrik, uzaqgörən dil siyasətinin məntiqi nəticəsidir. Ulu Öndər müstəqillik illərində imzaladığı bir sıra mühüm sənədlərlə Azərbaycan dilinin inkişafını və qorunmasını təmin edib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr -11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu fərmanlardan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır. Bundan başqa, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderin atdığı mühüm tarixi addımlardan biri oldu. Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyasını da bütünlüklə həyata keçirmiş oldu. Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin buxovlarından azad olunması, xalqın qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır.

Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".

Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.

XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi.

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.