YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər qurultayı milli birliyimizin növbəti təntənəsidir

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

22-23 aprel tarixlərində Azərbaycanın qədim və müqəddəs şəhəri olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək. Bu hadisə milli tariximizə Zəfər Qurultayı kimi yazılır. Qurultay son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Zəfər qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək ki, bu da öz özlüyündə mühüm faktdır.

Dünya Azərbaycanlılarının V Qurultayının qədim şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində keçirilməsi xalqımız üçün qürurvericidir. Bu hadisə həmçinin, dünya ictimaiyyətinə yönəlmiş mühüm bir mesajdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad etdiyi Şuşa şəhərində keçiriləcək bu qurultay ölkəmizin xarici siyasəti ilə yanaşı, diaspor fəaliyyətində də yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Zəfər artıq Azərbaycanın mənəvi-siyasi simvoludur. Qarabağ Zəfərindən Şuşa qurultayına gedən yol isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsi, müstəqillik və dövlətçilik tariximizin zirvə hadisəsidir. 2020-ci ilin dekabr ayında Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradından sonra Şuşada keçirilən Zəfər qurultayı qələbəmizin rəmzlərindən biri olmaqla yanaşı, milli həmrəyliyi, xalqımızın mübarizə ruhunu əks etdirir.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında və Zəfərimizin diplomatik müstəvidə möhkəmləndirilməsində milli həmrəyliyimizin müstəsna rolu oldu. Dünya azərbaycanlılarının, eləcə də diaspor təşkilatlarının sistemli fəaliyyəti bu prosesdə böyük töhfələr verdi. Bütün bu nailiyyətlərin ciddi əsasları vardır. Belə ki, dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin olunmasında vacib faktorlardan biri də dövlətimiz tərəfindən həyata keçirilən uğurlu diaspor siyasətidir. Ümummilli Liderimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyası əsasında öz işini quran  Azərbaycan diasporu öz fəaliyyətində Prezidentimiz cənab İlham Əliyevin tövsiyələrini daim rəhbər tutur. Milli dövlətçilik ideologiyası əsasında davam etdirilən diaspor siyasətinin nəticəsi olaraq ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və soydaşlarımızın birliyinin daha da möhkəmlənməsi işinə, tarixi Qələbənin strateji prosesə çevrilməsinə  vacib töhfədir. Bu prosesdə, yəni dövlət siyasətinin həyata keçirilməsində Diasporla İş üzrə Dövlət Komitəsi səmərəli fəaliyyət göstərir.

Şanlı Zəfərdən sonra Azərbaycan dövləti regionda yeni reallıqlar yaradıb. Təbii ki, yeni reallıqlar fonunda diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Fəaliyyətin müasir dövrün tələblərinə uyğun davam etdirilməsi, xüsusilə də informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi zəruridir. Eyni zamanda, xarici media qurumları ilə fəal əməkdaşlıq edilməsi də vacib şərtlərdən biridir. Çünki dünya ölkələrində təbliğat işinin düzgün qurulması erməni diasporunun və lobbisinin  ölkəmizə qarşı  kampaniyasının iflasa uğradılmasında böyük əhəmiyyətə malikdir. Diaspor təşkilatları öz fəaliyyətlərini Azərbaycanın hücum diplomatiyası və ya dərin strateji diplomatiya siyasətinə uyğun qurmalıdırlar.

Beləliklə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının keçirilməsi tarixi hadisədir. Bu gün Ermənistanın siyasi dairələri Şuşada keçiriləcək Zəfər qurultayı ilə bağlı ciddi narahatlıq keçirirlər.  Amma reallıq dəyişmir, yəni qalib Azərbaycan yeni tarix yaradır və yazır. Şuşada Qarabağ zəfəri, milli həmrəylik, xalq-lider birliyi və Azərbaycanın qüdrəti nümayiş etdirilir.  Bu, mənəvi-siyasi əhəmiyyətə, rəmzi mənaya malik olmaqla yanaşı, dövlətçilik tariximizin mühüm səhifələrindən birinə çevriləcək. Zəfər qurultayı tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrdən biri kimi daxil olacaq.