YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli dilimiz milli sərvətimizidir

YAP Yasamal rayon təşkilatının sədri

Bəxtiyar Nəbiyev

Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ana dilinin böyük qayğıkeşi və hamisi idi. Xalqımızın böyük oğlu, Ümummilli Lideri Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihəsi dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Kommunist ideologiyasının hökmranlıq etdiyi o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşıyırdı. Buna baxmayaraq, milli ruhlu ziyalılar layihəyə Azərbaycan dilinin salınmamasından narazılıqlarını bildirmişdilər. Yenə də respublikamızın rəhbəri Heydər Əliyev həyatını riskə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Lakin Moskvadakı rəhbər xadimlər müxtəlif bəhanələr gətirərək bunun qarşısını alırdılar. Xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər isə inadından əl çəkmirdi. Öz məqsədinə çatmaq üçün fəaliyyətini israrla davam etdirirdi. Ulu öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.İ. Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, nəhayət, birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü dil siyasətinin nəticəsi olaraq keçən əsrin 70-ci illərində respublikamızda ana dilinin müxtəlif istiqamətlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi tədqiqat işləri yerinə yetirildi. 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görüldü. Heydər Əliyevin ana dilinə sonsuz sevgi və qayğısının təzahürü olan bu cəsarətli addımı ölkəmizdə rəğbətlə qarşılandı. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra respublikaya rəhbərlik etdiyi müddətdə də Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin yaxşılaşdırılması istiqamətində bir sıra sərəncamlara imza atıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına “Dövlət dili” adlanan 21-ci maddə daxil edildi. Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atıb. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. Beləliklə, bütün bu deyilənlər müstəqil Azərbaycan Respublikasında ana dilinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini bir daha təsdiqləyir.