YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ana dilimiz ən qiymətli sərvətimizdir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Xalqın ümummilli mənəvi birliyinin Heydər Əliyev tərəfindən yaradılmış konsepsiyasında Azərbaycan dili çox mühüm yer tutur. Ümummilli lider Heydər Əliyev özü ana dilimizin parlaq bilicilərindən olmuşdur. Məhz onun nitqləri, çıxışları, müsahibələri Azərbaycan dilini əhəmiyyətli dərəcədə zənginləşdirmişdir.

"Xalqın dili onun ruhudur, xalqın ruhu isə onun dilidir" kəlamı kimi hikmətli ifadələr məhz dilin mövcudluğunun və inkişafının sirlərinə nüfuz etmək üçün yaranmışdır.

Məlumdur ki, Azərbaycan dili inkişaf üçün kifayət qədər əlverişsiz şəraitdə olduğu bir vaxtda bu problemə ilk dəfə Heydər Əliyev müraciət etmişdir. Azərbaycan dilinin hərtərəfli inkişafı və zənginləşməsi, dövlət dilinə, rəsmi sənədlər dilinə çevrilməsi, gündəlik həyatda, praktikada işlənilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası səviyyəsinə çıxması və özünə hörmət qazanması məhz uzaqgörən ulu öndər Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin, daimi diqqət və qayğısının nəticəsidir. O, Azərbaycan dilinin inkişafı üçün, bu dilin insanların mənəvi-əxlaqi və siyasi dünyagörüşünün əsası olması, cəmiyyətimizdə layiqli yer tutması üçün nə etmək lazım gəldiyini gözəl bilirdi. Etiraf etməliyik ki, dilimizin bugünkü səviyyəsi Heydər Əliyevin apardığı son dərəcə dəqiq, uzaqgörən dil siyasətinin nəticəsidir.

Məhz Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə 1970-ci illərin əvvəllərindən etibarən Azərbaycan dilindən dövlət əhəmiyyətli tədbirlərdə istifadə edilməyə başlandı. Heydər Əliyev genişmiqyaslı tədbirlərində çıxış edərək, Azərbaycan dilində səlis və gözəl danışmaq məharəti nümayiş etdirir, bununla da ziyalılarımızın diqqətini ana dilinin inkişafına yönəldirdi. Heydər Əliyev dilçilik elminə, Azərbaycan dilinin problemlərinin öyrənilməsinə, onun mükəmməl qrammatikasının yaradılmasına, milli terminologiyanın inkişafına xüsusi qayğı göstərirdi.

Azərbaycanın türkdilli ölkələr arasında birinci olaraq latın qrafikasına tarixi keçidi dil siyasəti sahəsində çox böyük irəliləyiş olmuşdur. Lakin bir müddət sonra Azərbaycan dili, xüsusən əlifbamız bir sıra dağıdıcı eksperimentlər obyektinə çevrildi. Azərbaycan dilini ünsiyyət və dövlət idarəçiliyi sahəsindən sıxışdırıb çıxarmaq üçün sovet dövlətinin yüksək dairələrində və respublika daxilində xeyli əməli tədbirlər görülürdü.

Azərbaycanda Heydər Əliyevin ölkəyə rəhbərliyə gəlməsindən sonra başlanmış milli-mədəni dirçəliş heç də həmişə müsbət qiymətləndirilmirdi və müəyyən dairələr tərəfindən, xüsusən türk azərbaycanlılara qarşı etimadsızlıq və şəkk yaratmaq üçün dəridən-qabıqdan çıxan ermənilər tərəfindən əsassız siyasi ittihamlarla, yalan və böhtan kampaniyaları ilə müşayiət olunurdu. Ana dili məsələsində məhz Heydər Əliyevin tutduğu prinsipial, qətiyyətli mövqe sayəsində və qızğın fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının 1977-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olduğu barədə məşhur 73-cü maddə daxil edildi. Həmin dövrdə Azərbaycan milli dilə Konstitusiya qanunu səviyyəsində dövlət statusu vermiş üç keçmiş sovet respublikasından biri və yeganə türk-müsəlman respublikası idi. Şübhəsiz ki, bu uzaqgörən tarixi addım Heydər Əliyevin ana dilinə dövləti münasibətinin və siyasi əzmkarlığının parlaq təzahürü idi.

Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında millətin özünütəsdiqi üçün çox vacib olan siyasət, dilimizə tam dövlət dili statusu verilməsi və dövlət idarəçiliyinin bütün sahələrində fəal istifadə edilməsinin təmin olunması vəzifəsi gerçəkləşdirildi. Azərbaycan dili cəmiyyətdə öz həqiqi yerini tutdu. Bu isə yalnız və yalnız çoxillik ardıcıl, ən başlıcası isə, ölçülüb-biçilmiş və dərindən düşünülmüş dövlət tədbirlərinin görülməsi nəticəsində mümkün olmuşdu.

Müstəqil dövlət quruculuğunun bütün çətinliklərinə və mürəkkəbliyinə baxmayaraq, Heydər Əliyev ana dilinə diqqət və qayğını bir an belə unutmurdu.

Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan dili dünyanın siyasi xəritəsində öz layiqli yerini tutan dövlətimizin rəsmi dili olmuş, ölkəmizin müstəqilliyi dönməz xarakter almışdır, xalqımız isə bugün bu mənəvi irsini göz bəbəyi kimi qoruyur və inkişaf etdirir. Məhz “Millətin milliliyini saxlayan onun dilidir” – deyən ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmana əsasən, hər il avqustun 1-ni xalqımız Azərbaycan dili və Əlifbası Günü kimi böyük təntənə və sayğı ilə qeyd edir.

Tarixin ağır sınaqlarından çıxıb bu günümüzə yetişən Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmişdir.

Ümummilli liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır və bu siyasəti uğurla davam etdirir. Bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə rəhbərinin özüdür. Prezident İlham Əliyev hər zaman çıxışlarında milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Hər bir şəxsiyyətin öz xalqına olan məhəbbəti doğma tarixinə, dilinə, dininə və mədəniyyətinə münasibəti ilə ölçülür. Bu gün hər birimizin borcudur ki, böyük sevgi ilə milli varlığımızın aynası olan ana dilimizin saflığını qoruyaq, onu zənginləşdirməyə çalışaq.

Unutmayaq ki, torpaq fiziki varlığımızın vətəni olduğu kimi, ana dilimiz də mənəvi dünyamızın beşiyidir.