YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi ulu öndər Heydər Əliyevin fəaliyyətində müstəsna əhəmiyyət daşıyıb

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Dilin nüfuzlu olması üçün onun dövlətin nüfuzu ilə bağlılığı vacib amillərdən biridir. Dövlətin nüfuzu isə həmin dövlətə başçılıq edən şəxsiyyətin nüfuzlu olmasından asılıdır.

Bu mənada Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının qurucusu, memarı kimi böyük şəxsiyyət idi. Onun çoxsahəli xidmətləri içərisində doğma ana dilinə - Azərbaycan dilinə nüfuz gətirməsi, xüsusilə qeyd olunmalıdır. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu fikir Heydər Əliyevə məxsus olmaqla, həm də dövlətin atributlarından biri kimi ana dilimizin dəyərini artırır.

Heydər Əliyev hələ 1978-ci il konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirmişdi. Əslində bununla Heydər Əliyev dilimizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirir, hər bir kəsin, xüsusən də mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyurdu.

Heydər Əliyev 1995-ci ildə dilimizin adının Azərbaycan dili olmasını referendum yolu ilə qəbul olunmuş konstitusiyada təsbit etdirdi. Bununla da dilimizin adı ilə bağlı olan alternativ variantlara (Azərbaycan türkcəsi, azəri türkcəsi, Azərbaycan türk dili və s.) son qoyuldu.

Dilimizin adı ilə bağlı alternativ variantlar o dövrdə cəmiyyətdə də böyük çaşqınlıq yaradırdı. Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci ilin noyabr ayında olan iclasında dövlət dilinin adı barəsində komissiya üzvlərinin bəziləri Azərbaycan türk dili, Azərbaycan türkcəsi adlarına müsbət fikir bildirmişdir. Ancaq bu məsələ çox həssas məsələ olduğu üçün Heydər Əliyev bu fikrin müzakirəsinə çox diqqətlə yanaşdı və bu məsələnin müzakirəsində qəti sözünü dedi. O, 1995-ci ilin noyabr ayının 2-də Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında bütün təkliflərə hörmət və diqqətlə yanaşaraq öz qeyd və fikirlərini də əminliklə söylədi: “Mən gündəliyə bir məsələni təklif etmişəm və bu gün bu məsələnin müzakirə olunmasını lazımlı hesab edirəm. 

Heydər Əliyev bu məsələnin nə qədər tarixi əhəmiyyət kəsb etdiyini hamıdan yaxşı bilirdi. Məsələnin siyasi məqamlarını dərindən bilməklə yanaşı, əhəmiyyətli olduğunu da diqqət mərkəzində saxlayırdı. “Sadəcə onu qeyd etmək istəyirəm ki, bu məsələyə komissiyanın sədri, Azərbaycanın prezidenti kimi şəxsən mən xüsusi fikir verirəm. Bir də qeyd edirəm ki, tarixi əhəmiyyət kəsb etdiyinə, vacibliyinə, həm də onun barəsində cürbəcür fikirlər olduğuna görə, hətta müəyyən qanunsuz qərar qəbul edildiyinə görə mən bu məsələyə xüsusi əhəmiyyət verirəm”.

Heydər Əliyev 2001-ci il iyunun 18-də dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı fərman imzaladı. Bu fərmandan irəli gələn məsələləri yerinə yetirmək üçün 4 iyul 2001-ci il tarixli sərəncamla dil komissiyası yaradıldı. Dilə olan hədsiz məhəbbət və dövlət başçısının qayğısı kimi 2001-ci il avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalandı. Bu fərmanla hər il avqust ayının 1-i Respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edildi. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi.

Ulu öndər Heydər Əliyev XX əsri Azərbaycan dilinin inkişafında məhsuldar bir dövr kimi səciyyələndirirdi: “Bu dövr bizim üçün, ədəbiyyatımız, tariximiz üçün böyük bəhrəli, məhsuldar bir dövrdür və bu dövrdə dilimiz inkişaf edibdir...Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb, özünəməxsus adını götürüb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi - nəzərdən düzgün deyil - həm tarixi nöqteyi - nəzərdən, həm fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycan dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin nöqteyi-nəzərdən, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düzgün deyil”. Müdrik şəxsiyyət tarixi keçmişimizin dərslərini yada salır, unutmamağı, ibrət almağı tövsiyə edirdi. Onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsi bu gün bütün dünyaya səpələnmiş həmvətənlərimizi birləşdirən milli ideologiyadır. O, keçmişimizi, soy-kökümüzün ünvanını da doğru-düzgün göstərərək deyirdi: “Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik, - yenə də deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var”.

Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsində öz təcrübəsini və əməyini əsirgəmədi. Azərbaycan dilini qorudu, yaşatdı və dövlət dili səviyyəsinə qaldırdı.

Heydər Əliyevin dilimizə qayğısı Azərbaycan dilinin inkişafında mühüm bir mərhələdir. Milli dil siyasətimizin həyata keçməsində, Azərbaycan dilinin hərtərəfli inkişafında bu mərhələ hələ çox təhlil olunmalı və öyrənilməlidir.