YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi tərəfindən həyata keçirilən “Viki Klub” layihəsinin təlimləri başa çatıb

Aprelin 27-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Vikipediya açıq ensiklopediyada Azərbaycan həqiqətlərinin təbliği" mövzusunda görüş keçirib.  

Tədbirdə ərazi bütövlüyümüz uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov görüşün formatı və əhəmiyyəti barədə məlumat verib. O, Vikipediya açıq ensiklopediyasında Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərin uzun illərdən bəri davam edən informasiya mübarizəmizdə böyük rol oynadığını qeyd edib.YAP Gənclər Birliyinin də bu istiqamətdə fəaliyyətini genişləndirdiyini diqqətə çatdıran Bəxtiyar İslamov, yeni formalaşdırılmış klub vasitəsi ilə partiya fəalı gənclərin ölkəmizlə bağlı Vikipediya elektron ensiklopediyasında mövcud məlumatları mütəmadi təkmilləşdirdiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxış edərək deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qələbəsindən xeyli vaxt keçsə də, informasiya müharibəsi davam edir və bu müharibədə gəncliyimizin müstəsna yeri var.

YAP Gənclər Birliyinin “Qorqud” Vikipediya Metodik klubunun tərəfdaşlığı ilə həyata keçirdiyi “Viki Klub” layihəsinin strateji əhəmiyyətindən danışan E.Allahverdiyev YAP-da təmsil olunan gənclərin böyük potensialı olduğunu və gələcəkdə də bu istiqamətdə yeni uğurlar əldə edəcəklərinə inandığını qeyd edib. Deputat 2020-ci ildən sonra regionda yaranan yeni reallıqların və Azərbaycan həqiqətlərinin təbliğində Vikipediya resursundan geniş istifadə olunduğunu deyib. E.Allahverdiyev bu prosesin sürətlənməsi və daha böyük nəticələr əldə edilməsi üçün gənclərimizin xarici dil biliklərini genişləndirməyinin önəmini vurğulayıb. İl ərzində təkcə Azərbaycan dilli açıq ensiklopediyaya 350 milyondan çox giriş olduğunu qeyd edən deputat ölkəmizlə bağlı məlumatların digər dillərə tərcümə edilərək vikipediyada yerləşdirilməsi ilə həmin rəqəmi 3-5 dəfə və daha çox qaldırmağın mümkünlüyünü bildirib.

Görüşün sonunda Milli Məclisin deputatı tədbir iştirakçılarının suallarını da cavablandırıb.

Sonra “Viki Klub” layihəsi çərçivəsində həyata keçirilmiş təlimləri uğurla başa vurmuş gənclərə diplom və sertifikatlar təqdim edilib.