YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycan Qafqazda öz sözünü deyən, öz dəsti-xətti ilə seçilən ölkədir

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Aprelin 28-də Şuşada işinə başlayan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdir.

Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir.

Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa-dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.

Bu gün Azərbaycan Qafqazda öz sözünü deyən, öz dəsti-xətti ilə seçilən və  sülh gündəliyini təbliğ edən ölkədir. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aidir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaqdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar. Şübhəsiz ki, Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyllərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar!”

Bir sözlə, Azərbaycan Cənubi Qafqazda yeni tələblərə uyğun sülhün qurulması üçün yeni məkanlarda işləməyə hazırdır!