YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ və Şərqi Zəngəzur rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan öz yüksəlişi ilə dünyanı təəccübləndirməyi bacarır. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi, onu qoruyub saxlamağa, inkişaf etdirməyə müvəffəq oldu. İlham Əliyev isə böyük Zəfərimiz nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə dövlət quruculuğumuzda öz sözünü dedi.

Uzun illər ərazi bütövlüyünun təminatı üçün hərbi quruculuq işləri görən Azərbaycan 44 günlük Vətən müharibəsində istəklərinə nail ola bildi. Hazırda işğaldan azad olunmuş ərazilərdə kommunikasiyaların bərpası istiqamətində çoxsaylı layihələr icra olunur. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Dövlətimizin reallaşdırdığı bütün nəqliyyat layihələri, 2023-cü ilədək Füzuli, Zəngilan və Laçında bir-birinin ardınca açılması nəzərdə tutulan hava limanları, çəkilən avtomobil və dəmir yolları qlobal inteqrasiya proseslərinin də xeyli sürətlənməsinə imkan verəcək. İşğaldan azad olunmuş bölgələrimiz ən müasir texnologiyaların tətbiqi əsasında yenidən qurulur. Bu gün Şuşada, Ağdamda, Füzulidə və Qarabağın digər rayonlarında həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz qürur və məmnunluq duyğusu yaradır. Qarabağ turizm baxımından Cənubi Qafqazın cənnəti hesab edilir və ölkəmizə səyahət edəcək turistlərin əsas axını da məhz bu regiona yönələcək.

Azərbaycan dövləti Qarabağı çox güclü dinamik inkişaf edən bir iqtisadi rayona çevirməklə bərabər, Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafına da  böyük önəm verir. Şərqi zəngəzur iqtisadi rayonunda kənd təsərrüfatı, dağ-mədən sənayesi və turizmin inkişafı üçün böyük resurs var. Oradakı topraqların əkinə tam cəlb edilməsi ilə taxıl idxalını sıfıra endirmək olar. Avtomobil və dəmir yolları ilə yanaşı, orada 2 hava limanı da tikiləcək ki, bunun sayəsində də şərqi Zəngəzur nəqliyyat qovşağına çevriləcək. Bütün bunlar onu deməyə əsas verir ki, ərazilər minalardan təmizləndikdən və yenidənqurma işləri aparıldıqdan sonra Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan bölgələrin zəngin aqrar potensialı ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Ümumilikdə,Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yeni bazar tələblərinə uyğun müasir standartlar səviyyəsində inkişafı Azərbaycan iqtisadiyyatının daha da böyüməsinə təkan verəcək.

Ermənilər Prezident İlham Əliyevin verdiyi şansdan yaxşı istifadə etməlidirlər. Zaman və şərtlər ciddi şəkildə dəyişib. Onlar məğlub olmuş tərəf kimi Azərbaycanın diktələrinə əməl etməlidirlər. Ermənistan cəmiyyəti və Nikol Paşinyan Azərbaycana qarşı ərazi iddialarından və “Böyük Ermənistan” xəyalından, qisasdan əl çəkməli, beynəlxalq aləmdə tanınmış sərhədlər daxilində sivil cəmiyyət qurmalıdır. Ordusu darmadağın edilmiş Ermənistan siyasi-iqtisadi cəhətdən diz çökdürülmüş vəziyyətdədir. Yeni, müharibə üçün Ermənistanın hər hansı maddi və mənəvi resursu qalmayıb. Ancaq onlar bilməlidir ki, terrorçuluğa davam edərlərsə, sərt tədbirlər görüləcək. Ermənistanın revanşist ünsürlərinin qarşısında Azərbaycanın dəmir yumruğu dayanıb.

Azərbaycan xalqı bundan sonra da “Dəmir yumruq” ətrafında sıx birləşəcək, düşmənçilik etmək istəyənlərə cavabını verəcək.