YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaxın gələcəkdə doğma Qarabağda və Zəngəzurda kənd təsərrüfatı prioritet sahələrdən birinə çevriləcəkdir

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri                        

Şanlı Qələbədən keçən dövr ərzində əldə olunan uğurlar, həyata keçirilən məqsədyönlü tədbirlər ona zəmin yaradır ki, tezliklə doğma Qarabağımız, Zəngəzurumuz yüksək səviyyədə bərpa olunacaq və dünyanın ən gözəl, ən dilbər guşələrindən birinə çevriləcəkdir. Bu gün Azərbaycan heç bir donor təşkilatından, heç bir ölkədən bir manat da olsun belə yardım almadan öz daxili imkanları, öz gücü hesabına işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı tikinti – bərpa, abadlıq – quruculuq işləri aparır, ərazilər minalardan təmizlənir, böyük infrasturuktur layihələr həyata keçirilir.

2022-ci il may ayının 4-də ölkə Prezidenti cənab İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbulu zamanı bildirdi ki: “Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.”

Təbii ki, azad edilmiş ərazilərin əlverişli iqlimi, münbit torpaqları, oradakı mövcud su mənbələri ərzaq təhlükəsizliyi baxımından orada kənd təsərrüfatının, heyvandarlığın genişmiqyaslı inkişafına böyük imkanlar yaradır. Bu məqsədlə həmin ərazilərdə kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmiş, aqroparkın təməli qoyulmuşdur. Yaxın gələcəkdə azad edilmiş torpaqlarda aqroparkların sayının artırılması nəzərdə tutulur.

Keçmiş məcburi köçkünlərin böyük əksəriyyətinin öz dədə - baba torpaqlarına qayıtmaq arzusunda olduğunu xüsusilə vurğulayan ölkə Prezidenti qeyd etdi ki: “Biz elə şərait yaratmalıyıq ki, onlar da həvəsli olsunlar. Biz İkinci Qarabağ müharibəsindən sonra keçmiş məcburi köçkünlər arasında sorğu keçirmişik ki, biz bilək, nə qədər insan qayıtmaq istəyir, çünki görüləcək işlər, tikilən binalar buna uyğun olmalıdır. Şadam ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq üçün öz fikirlərini bildirmişlər. Amma, əlbəttə ki, onlar təxminən 30 il Bakıda, Sumqayıtda, başqa yerlərdə yaşayıblar, bu yaşayışa öyrəşiblər, onların işləri var, onların uşaqlarının məktəbləri var, nəvələrinin məktəbləri var. Biz bunun hamısını başa düşürük və bir yerdən başqa yerə köçmək o qədər də asan məsələ deyil. Amma, əminəm ki, Vətən sevdası onları oraya aparacaq. Biz elə etməliyik ki, onlar oraya gedən zaman orada özlərini rahat hiss eləsinlər.”

Əminik ki, bu yönümdə həyata keçirilən genişmiqyaslı məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə dünyanın ən gözəl, ən dilbər guşələrindən birinə çevriləcək doğma Qarabağımızda, Zəngəzurumuzda kənd təsərrüfatı da prioritet sahələrdən biri olacaq və keçmiş məcburi köçkünlərimiz öz dədə - baba torpaqlarında  xoşbəxt, rifah içində yaşayacaqlar.