YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük qayıdış: Ulu öndər Heydər Əliyevin reallığa çevrilən arzuları” adlı konfrans keçirilib

Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş “Böyük qayıdış: Ulu öndər Heydər Əliyevin reallığa çevrilən arzuları” adlı konfrans keçirilib. Konfransda YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov, Partiyanın qızıl fondu, 91-lərdən biri Şahlar Əsgərov, ərazi partiya təşkilat sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider ölkəmizin sahib olduğu xarici siyasət resurslarından səmərəli surətdə istifadə edərək Azərbaycanı dünya miqyasında sayılan və istinad edilən tərəfdaş aktorlardan birinə çevirdi. Beləliklə, Azərbaycan Cənubi Qafqaz bölgəsinin hərbi-siyasi təhlükəsizliyini təmin edən lokomotivinə çevrildi. Bununla yanaşı, ölkəmiz regionda reallaşdırılan transmilli layihələrin mərkəzi təşkilatçısı qismində çıxış etməklə Cənubi Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verdi.

Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova vurğulayıb ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Bu yüksəliş ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin əzmkar və yorulmaz fəaliyyəti ilə daha da inkişaf etməkdədir.

Partiyamızın qızıl fondu, məşhur 91-lərdən biri Şahlar Əsgərov konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, ulu öndər Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu sübut edib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda Cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir.

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, ərazi partiya təşkilatının sədri Rəvan Mehdiyev, YAP Yasamal rayon təşkilatının fəal gənci Aytac Rüstəmli çıxışlarında bildiriblər ki, ulu öndər Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillərdir.

Tədbirin sonunda partiya sıralarına qoşulan bir qrup şəxsə üzvlük vəsiqələri, partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərən əməkdaşlara fəxri fərmanlar təqdim olunub.