YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Londonda keçirilən beynəlxalq kitab sərgisində təmsil olunur

Londonda növbəti beynəlxalq kitab sərgisinə start verilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin dəstəyi ilə sərgidə ölkəmiz də təmsil olunur.
Londonda keçirilən sərgidə iştirak zəngin milli mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən ölkəmizdə aparılan geniş-miqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçün mühüm vasitədir.
Milli ekspozisiyamız Qız Qalasının təsviri olan 40 kvadratmetrlik sahədə qurulmuş stenddə təşkil edilib. Burada Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin, “Qələm”, “Radius”, “Altun kitab” nəşriyyatlarının nəşrləri, ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş kitab və reklam çap məhsulları nümayiş olunur. Maraqlananlara ölkəmizin coğtafi mövqeyi, mədəniyyəti, tarixi, tolerantlıq ənənələri, turizm imkanları, Azərbaycanın ev sahibliyi edəcəyi mötəbər beynəlxalq idman yarışları, o cümlədən “Baku-2015” birinci Avropa Oyunları haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə edilir.
Stendə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilir.
Bundan başqa, stendə Azərbaycan tarixinin, mədəniyyət və incəsənətinin himayədarı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərinə də xüsusi yer ayrılıb. Onun himayəsi nəticəsində milli-mənəvi dəyərlərimizin qorunması və dirçəldilməsi istiqamətində görülən əhəmiyyətli tədbirlər, musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə əldə edilən nailiyyətlər əksini tapıb.
1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan, 40 ildən çox müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrindən, eləcə də ABŞ, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan və Türkiyədən 500-ə yaxın dövlət və özəl nəşriyyatlar iştirak edir.
Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti London Beynəlxalq kitab sərgisinə ilk dəfə 2009-cu ildə qatılıb.
Bu il sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlar ilə iş şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud və başqaları təmsil edirlər.
Sərgi aprelin 16-dək davam edəcək.