YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə “SOCAR Polymer” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Aprelin 15-də Bakıda keçirilən Azərbaycan-İtaliya işgüzar görüşü zamanı “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında Sumqayıt Polipropilen zavodu layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Beynəlxalq hüquq praktikasına uyğun şəkildə tərtib olunan EPC tipli müqavilənin ümumi dəyəri təxminən 350 milyon avrodur. Layihə çərçivəsində mühəndislik, təchizat, quraşdırma və tikinti işlərinin görülməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, müqaviləni “SOCAR Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov və “Maire Tecnimont” şirkətinin icraçı direktoru Pierroberto Folciero imzalayıblar. Bildirilib ki, İtaliyanın “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə “SOCAR Polymer” arasında ilkin mühəndislik çalışmaları həyata keçirilmiş və Sabit Qiymətli Açar Təslim EPC tipli müqavilə üzrə Polipropilen zavodunun və ümumi təsərrüfat blokunun tikilməsi üçün razılaşma əldə olunub. İllik gücü 180 min ton təşkil edəcək Polipropilen zavodu mövcud naftanın krekinqi nəticəsində alınan propilenin xammal kimi istifadə edilməsinə imkan verəcək. Azərbaycanda ilk polipropilen zavodu olacaq bu müəssisənin Sumqayıt Kimya Sənaye Parkında tikilməsi planlaşdırılır.
Məlumat verilib ki, polipropilen - qablaşdırma, tekstil, dəftərxana ləvazimatı, avtomobil komponentləri, elektron və elektrik texnikası və bir neçə digər məqsədlər üçün istifadə olunan əsas məhsuldur. Hazırda Azərbaycan polipropilen və yüksək sıxlıqlı polietileni xarici ölkələrdən idxal edir. “SOCAR Polymer” layihəsinin həyata keçirilməsi bu vacib məhsulun ölkəmizdə istehsal olunmasına imkan yaradacaq.
Müqavilənin imzalanma mərasimində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidi, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliyanın ölkəmizdəki səfiri Qiampaolo Kutillo, “Maire Tecnimont” şirkətinin sədri Fabrizyo Di Amato, eləcə də İtaliya və Azərbaycan dövlətlərinin digər rəsmi şəxsləri və biznes strukturlarının rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, Milan Fond Birjasının reyestrinə daxil olan “Maire Tecnimont S.p.A.” şirkətlər qrupu mühəndislik və tikinti, texnologiyaların hazırlanması və lisenziyalaşdırma, energetika və karbohidrogenlərin sənaye istehsalında ixtisaslaşan birgə müəssisələrin yaradılması (neft və qaz, neft-kimyası və gübrə), o cümlədən energetika və infrastruktur layihələrində dünyanın aparıcı müəssisələrindən biridir. 30-dan artıq ölkədə nümayəndəliyə malik və 45-dən artıq şirkətə nəzarət edən “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunda təxminən 4 min 300 nəfər işçi çalışır.
SOCAR, eləcə də Paşa Holding, Azersun Holding, Gilan Holding arasında yaradılmış “SOCAR Polymer” MMC ölkəmizdə kimya sənayesinin inkişafının gücləndirilməsi, polipropilen və yüksək sıxlıqlı polietilen məhsullarının istehsalı üçün nəzərdə tutulmuş Polipropilen zavodunun inşa edilməsi məqsədi ilə təsis olunmuş və 2013-cü il iyulun 16-da dövlət qeydiyyatından keçib. “SOCAR Polymer” MMC-nin əsas fəaliyyət istiqamətlərini zavodun layihələndirilməsi, tikilməsi, lazımi avadanlıqların, cihazların alınması və quraşdırılması, istifadəyə verilməsi və sair təşkil edir. “SOCAR Polymer” MMC tərəfindən illik layihə gücü 200 min ton təşkil edən polipropilen qurğusunun 2017-cı ildə, illik layihə gücü 120 min ton təşkil edən yüksək sıxlıqlı polietilen qurğusunun isə 2018-ci ildə tikilib istismara verilməsi planlaşdırılır. Qurğuların lisenziyaları müvafiq olaraq “Lyondell Basel” və “İneos” şirkətləridir. İstehsal olunmuş məhsulların 30 faizinin yerli bazarda reallaşdırılması, digər hissəsinin isə Türkiyə, Avropa və MDB ölkələrinə ixrac edilməsi nəzərdə tutulur.