YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənnət Qarabağımızda aparılan bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcəkdir

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

İyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videoformatda çıxış edib. Cənab Prezident öz çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərimizin dirçəldilməsi istiqamətində görülən işlər və bir çox digər vacib məsələlərə toxunmuşdur.

İşğal altında olan torpaqlarımızın mənfur düşməndən azad olunması ilə bütün dünya erməni işğalçıları tərəfindən cənnət Qarabağın məqsədli şəkildə xarabalığa çevrilməsini, vandalizmə məruz qalmasını, dini-tarixi abidələrimizin təhqir olunaraq dağıdılmasının şahidi oldu. Otuz il davam edən işğal dövründə şəhər və kəndlərimiz viran qoyulmuş, sosial, iqtisadi və ictimai infrastruktur, mövcud olan sənaye obyektləri darmadağın edilmiş, nəqliyyat-kommunikasiya xətləri yararsız vəziyyətə salınmış, xalqımıza və dövlətimizə qarşı ağır cinayət törədilmişdir. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinmiş, onlardan əsər-əlamət belə qalmamışdır. Xüsusilə, Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, hətta  əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Erməni vandalları tərəfindən tarixi abidələrimizə, milli-mədəni irsimizə, dəyərlərimizə qəsd edilib. Onu da qeyd etməliyəm ki, postmüharibə dövründə dünyanın aparıcı dövlətlərinin nümayəndələrinin, xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələrinin azad edilmiş ərazilərimizə səfərləri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına böyük təsir göstərmişdir. 

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqlarımızın bərpası prioritet vəzifədir.  Bugün Qarabağ bölgəsində aparılan yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisi və əsl vətənpərvərlik nümunəsidir. Şübhəsiz ki, aparılan  bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcəkdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz “Böyük qayıdış”ın astanasındayıq. Olduqca qısa müddət ərzində Qarabağda yeni infrast­ruktur layihələrinin yaradılmasının və icra olunmasının şahidi oluruq. Səkkiz aydan az bir müddətdə Füzuli şəhərində hava limanı inşa edildi. Hazırda isə Zəngilan və Laçın rayonlarında daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin, o cümlədən  Şuşa şəhərinin baş planı artıq hazırdır. Xüsusi vurğulamaq istərdim ki, planların hər biri Qarabağın möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Hazırda Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulan tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərərək, sahibkarlara açıqdır. Lakin kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir.

Hazırda əsas hədəfimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhlükəsiz, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Həmçinin xüsusi qeyd etmək lazımdır ki, azad edilmiş ərazilərimizdə müasir şəhər planlaşdırılması həyata keçirilir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyaları tətbiq edilir. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında tətbiq olunaraq, uğurla icra olundu. Artıq bu ilin may ayından Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar.  Erməni işğalçıları tərəfindən dağıdılmış digər şəhər və kəndlərimiz də müasir texnologiyalarla təmin olunan “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları əsasında yenidən bərpa olunacaqdır. Həmçinin, ölkə başçımızın diqqət və qayğısı nəticəsində paytaxt Bakı və paytaxtətrafı qəsəbələrin dinamik inkişafına, bir çox problemlərin həllinə nail olunmuşdur. Ölkəmizin müxtəlif yerlərində aparılan abadlıq-quruculuq, tərəqqi və yüksəliş Bakının simasında daha qabarıq görünür.

Sonda qeyd etmək istərdim ki, Azərbaycan bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Bizim sülh danışıqları üçün irəli sürdüyümüz 5 əsas prinsip də Ermənistan tərəfindən qəbul edilib. Çünki ermənilər özləri də yaxşı başa düşürlər ki, bu saziş məğlub ölkənin qurtuluşu olacaq və bölgəni sülh-əməkdaşlıq regionuna çevirəcəkdir.