YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: 14 iyul 1969-cu ildən başlanan inkişaf yolu Azərbaycana möhtəşəm uğurlar qazandırır

Milli Məclisin deputatı Əliabbas Salahzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə respublikamızda  siyasi hakimiyyətə gəlişindən  bəhs edərək bildirib ki, bu mühüm siyasi hadisə  ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni dövr başladı: “Azərbaycanda  böyük intibahın təməli qoyuldu. Ulu Öndərin əzmkar fəaliyyəti Azərbaycanı qısa müddətdə keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına çıxardı.  Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə  ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına yönəldilməklə yanaşı, eyni zamanda,  gələcək müstəqilliyimizin  təmin olunmasına xidmət etdi.”

Əliabbas Salahzadə onu da qeyd edib ki, 1993-cü ildə Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşayanda da  xalq yeganə xilaskar kimi ümummilli lider  Heydər Əliyevi hakimiyyətdə  görmək istədi.

“Ulu öndər  Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünü  xarakterizə edən, bugünümüz və gələcəyimiz üçün biri-birindən mühüm uğurlarımızı   şərtləndirən əsas amillər xalqın Ümummilli Liderə  inamı, dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və Onun  Vətəninə, xalqına, torpağına bağlılığı, sonsuz sevgisi idi. Ulu öndər Heydər Əliyev  bildirirdi ki, mənim üçün hər şeydən əziz  xalqımdır, Vətənimdir, torpağımdır. Dahi şəxsiyyətin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək  gördüyü işlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Gələcəyimiz  kimi dəyərləndirilən gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, ümumilikdə azərbaycançılıq ideologiyasının, milli şüurun inkişafı bugünümüzə hesablanmış addımlardır. O illəri bütün sahələrdə yüksəliş dövrü kimi xarakterizə edə bilərik”,-deyə millət vəkili bildirib.

Əliabbas Salahzadə qeyd edib ki, milli sərvətimiz olan Azərbaycan dilinin dövlət dili statusu qazanması  məsələsi ulu öndər Heydər Əliyevin  Azərbaycan rəhbərliyinə gəlişindən  sonra gündəmin əsas məsələsi oldu: “Ümummilli Lider bildirirdi ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir.  Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin  Azərbaycan Respublikasının dövlət dili olması haqqında  maddə daxil edildi. Ümumilikdə ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dilimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət göstərilirdi ki, bu Onun Vətən, xalq sevgisindən, böyük azərbaycanlı olmasından irəli gəlirdi.  Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” tezisi bütün dövrlərdə öz aktuallığını qorumaqla yanaşı, hər bir azərbaycanlının həyat amalına çevrilib. Ümummilli Liderin bu fikrinə söykənərək onu da böyük fəxr və qürir hissi ilə qeyd edirik ki, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir. Dünya azərbaycanlılarının V qurultayı tarixə Zəfər Qurultayı kimi yazıldı.  Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın 30 ildən  sonra  Şuşada bir araya gəlib postmünaqişə dövründə  qarşıda dayanan vəzifələri müzakirə etmələri qürurverici, eyni zamanda,  siyasi əhəmiyyət kəsb edən  hadisə kimi dəyərləndirildi. Bütün bunlar 1969-cu il 14 iyul tarixindən başlanan Heydər Əliyev yolunun uğurlarıdır.”

Millət vəkili onu da vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi: “Hər zaman torpağına, xalqına, Vətəninə bağlı olan, gələcəyi barədə düşünən  Ümummilli Lider bu çətin məqamda da xalqının yanında oldu, düşünülmüş və məqsədyönlü siyasəti ilə müstəqilliyimizin daimiliyini, əbədiliyini təmin etdi. Azərbaycan yenidən quruldu, dövlətçiliyimizin əsasları yaradıldı. Hərtərəfli inkişafı təmin etmək üçün bütün zəruri addımlar atıldı. Azərbaycan qısa müddətdə Günəş kimi parladı.”

“Dahi şəxsiyyət Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında ən böyük xidmətlərindən biri adını tariximizə torpaqlarımızın xilaskarı kimi  qızıl hərflərlə yazan cənab İlham Əliyev kimi Lideri yetişdirməsidir. Ümummilli Lider 2003-cü ildə dövlətin, xalqın gələcəyi üçün növbəti inamın ünvanını belə təqdim etdi ki, mən Ona özüm qədər inanıram. Bu ünvan  cənab İlham Əliyev və ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası idi. Son 18 ildən artıq dövrdə Azərbaycanın qazandığı nailiyyətlər  Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyinin təsdiqidir. Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, torpaq, Vətən sevgisi sayəsində 30 ilin işğalına 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Qarabağımız, Şuşamız azaddır. Bu uğurlarımızın ümumiləşdirilmiş ifadəsi budur ki, ulu öndər Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə gələcək inkişafın prioritetlərini müəyyənləşdirdi, davamlı uğurların möhkəm təməlini yaratdı”,-deyə Əliabbas Salahzadə bildirib.

DİGƏR Xəbərlər Arxiv