YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük uğurların təməlinin qoyulduğu tarixi gün…

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü, professor

Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri vardır. Bu dövr 1969-cu ilin 14 iyulundan başlayır. Məhz həmin gün Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə ölkəmizin böyük uğurlarının təməli qoyulub. 1969-cu ilin 14 iyulu həm də Azərbaycan xalqının assimilyasiyadan xilasının, xalqın özünəqayıdışının başlanğıcı hesab etmək olar.

Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.

Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadrların milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.

Bu gün bir çox tarixçilər haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının XX əsrdəki milli qurtuluşu, əslində, 1969-cu il iyulun 14-dən başlanır. İqtisadi çətinliklərlə müşayiət olunan həmin dövr həm də yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycanın öz sahib olduqlarından yararlana bilməməsi, ittifaq tərkibində olan digər respublikalardan ən geridə qalması ilə fərqlənirdi. Ulu Öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi. Ulu Öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istismara verildi. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Xankəndidə, Gəncədə, Mingəçevirdə, Lənkəranda bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verildi. 1970-1982-ci illərdə Azərbaycandakı fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki illərdə tikilən müəssisələrin sayından qat-qat çox idi.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ən diqqətçəkən məqamlardan biri də milli kadrların yetişdirilməsi ilə bağlı atılan addımlar idi. 1969-cu ilə qədər Azərbaycanda rəhbər vəzifələrin böyük əksəriyyətində qeyri-azərbaycanlılar təmsil olunurdu. Hətta respublika üçün mühüm əhəmiyyət daşıyan strateji strukturlarda belə, səlahiyyət sahiblərinin çoxu başqa millətlərin nümayəndələri idi. Dahi şəxsiyyətin Azərbaycanda savadlılığın artırılması yolunda gördüyü böyük işlərin nəticəsi idi ki, əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli liderin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açıldı, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradıldı. Ulu Öndərin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də respublikada milli hərbçi kadrların yetişdirilməsi istiqamətində qəbul etdiyi tarixi qərarlar idi. Bunun nəticəsi olaraq Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradıldı. Ümummilli liderin həmin dövrlərdə başladığı hərbi quruculuq prosesi 20 il sonra müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin hərbçi kadrlarla təminatında böyük rol oynadı. Bu mənada, 1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Bununla yanaşı, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövrü respublikada milli dəyərlərin bərpası dövrü kimi yaddaşlara yazılıb. Ulu öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misli­görünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirərək Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirdi.

1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ərəfəsində ölkəmiz öz tarixinin ən keşməkeşli dövrünü yaşayırdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı dəstələr hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Ən dəhşətlisi isə rayonlarımız biri-birinin ardınca işğal olunurdu. Daşnakların "Böyük Ermənistan" yaratmaq niyyətləri, tarixi düşmənlərimizin qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib götürmək planları reallaşmaq üzrə idi.

Belə bir məqamda müdrik xalqımız yenidən böyük siyasət adamını - Heydər Əliyevi hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin arzuları boşa çıxdı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi.  Azərbaycan dövlətçiliyi xilas edildi. O dövrdə dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması demək idi ki, uzaqgörən siyasətçi Heydər Əliyev buna nail oldu. Heydər Əliyevin ikinci hakimiyyəti dövründə daha da güclənən Azərbaycan onun varisi - Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə öz iqtisadi və hərbi gücünə görə dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirdi. İqtisadiyyatın inkişafı, ordu quruculuğunun müasir səviyyəsi və hərbi potensialın artırılması hesabına 2020-ci ildə baş verən 44 günlük müharibə ilə ümummili liderimizin ən böyük arzusu həyara keçdi - torpaqlarımız işğaçlılardan azad olundu. Prezident İlham Əliyevin dediyi kimi, Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Məhz buna görə də bu gün hörmət və ehtiramla yad etdiyimiz Heydər Əliyevin ruhu şaddır. Çünki Azərbaycanın müstəqlliyi möhkəmləndilrilib, ölkəmiz iqtisadi və hərbu cəhətdən qüdrətli dövlətə çevrilib və torpaqarımz işğaldan azad edilib.