YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən 53 il ötür. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Məhz müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. 1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix ssəhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.

Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb.

1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır.

Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir. Beləliklə, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir.

Ümummilli lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayıb, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirib.

Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.

İkinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan yenidən öz qurtuluşunu, öz müstəqil inkişafını Heydər Əliyev kimi nəhəng bir siyasətçiyə etibar etmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin ötən əsrin 90-cı illərində Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi, ölkəni məhv olmaqdan xilas etdi. Azərbaycan bir dövlət olaraq əsl müstəqilliyinə qovuşdu, yeni inkişaf mərhələsinə yüksəldi.

Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.

Ulu Öndər özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yeni qələbələr, nailiyyətlər qazanır.

44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun və xalqımızın birliyi ilə qələbə çalan Ali Baş Komandan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə tarixi bir zəfərə imza atmışdır.

Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, mədəni multikultural dəyərlərə malik ölkə, müasir, qüdrətli, bütün müsəlman Şərqinə örnək olan müstəqil və qalib ölkə kimi tanınması məhz böyük öndərimiz Heydər Əliyevin gərgin fəaliyyətinin, Ali Baş Komandan cənab İlham Əliyevin əzmkar əməyinin nəticəsidir.