YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“1969-2003-cü illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda növbəti seminar keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq  14 iyul 2022-ci il tarixdə “Asan Xidmət” ərazi partiya təşkilatında ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 53-cü ilə əlaqədar “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “1969-2003-cü illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda növbəti seminarı keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən vətən oğullarının əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib. Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, 14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

S.Əliyev qeyd edib ki, Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ulu Öndərə imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Ulu Öndərin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi.

S.Əliyev vurğulayıb ki, Azərbaycan xalqının böyük oğlu 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Azərbaycan 1969-cu ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasibətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə respublikanın bütün həyatında olduğu kimi, hərbi-təşkilati və kütləvi-müdafiə işləri sahəsində də milliləşmənin başlanğıcı qoyuldu. Bu sahəyə diqqət artırıldı, hərbi-təşkilati və kütləvi-müdafiə işinə xalqın həyatında malik ola biləcəyi dəyər verildi, onun miqyası genişləndirildi. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli Liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi məktəb yaradılmışdır. Təsadüfü deyildir ki, C.Naxçıvanski adına Hərbi məktəb Azərbaycan Müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdir.

Seminarda iştirak edən gənc fəallardan Ramin Bəgəlizadə, Əziz Əliyev, Könül Muradova, Mehman Zahidov və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmış, Ulu Öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs ediblər.