YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin ideyaları ölkəmizin dayanıqlı inkişafının əsasıdır

Etibar Hacıyev

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri

Lider  amili   dövlətlərin, xalqların taleyində  əhəmiyyətli rol oynayır. Dövlətinin gələcəyini düşünən Liderlər yaratdıqları möhkəm təmələ əsaslanaraq daim yeni ideyaları ilə qarşıdakı dövrün aydın mənzərəsini təqdim edir, dayanıqlı inkişafa geniş imkanlar açırlar. Bu baxımdan böyük fəxr və qürur hissi ilə qeyd edə bilərik ki, 14 iyul 1969-cu ildən başlanan Heydər Əliyev yolu Azərbaycana möhtəşəm uğurlar qazandırmaqla yanaşı, bu fikri də böyük əminliklə söyləməyə əsas verir ki, nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır! Bu fikirlər dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin nə qədər böyük olduğunu nümayiş etdirir. İllər keçdikcə görülən işlərin ölkəmizin gələcək həyatında rolu daha aydın şəkildə görünür və düzgün dəyərləndirilir.

Ümummilli Liderin hakimiyyətinin birinci dövrü böyük bir təcrübə xəzinəsi kimi xarakterizə olunur. Bu gün Azərbaycanın istifadə etdiyi   iqtisadi, siyasi, elmi, hərbi, mədəni potensial məhz həmin illərdə yaradılmışdır. O illərin reallıqları sırasında milli kadrların hazırlanmasını, dilimizin inkişafı və tətbiqi sahəsinin genişləndirilməsini, ümumilikdə dilimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə ehtiva edən azərbaycançılıq ideologiyasının inkişafını xüsusi qeyd etməliyik. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövrü də torpaq, Vətən sevgisindən, dövlətinə, xalqına bağlılığından irəli gələn biri-birindən mühüm addımları ilə zəngindir. Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarxində  rolundan günlərlə, aylarla bəhs etmək olar. Onun fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusudur. Buna görə də hələ illər keçdikcə dahi şəxsiyyətin xidmətlərini özündə əks etdirən neçə-neçə kitablar yazılacaq, Onun Azərbaycanımızın bu günü və gələcəyi üçün gördüyü işlər indiki, gələcək nəsillərə çatdırılacaq. Ümummilli Liderin hər addımı ölkəmizin inkişaf  tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb.

Bu fikri də hər zaman qeyd edirik ki, tarix şəxsiyyətləri yetişdirir. Amma elə şəxsiyyətlər də var ki, onlar tarix yaradır. Ulu öndər Heydər Əliyev və son 18 ildən artıq dövrdə onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tarix yaradan şəxsiyyətlərdir. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti sayəsində  qalib ölkə kimi dünyanın diqqətindədir.

Keçilən yolun təhlili fonunda bu ümumiləşdirməni aparırıq ki, 53 il bundan əvvəl qoyulan möhkəm təməl Azərbaycanın tarixinə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının  qürur duya biləcəyi uğurları yazıb. O uğurları ki, bu gün ölkəmiz  həmin  təməl üzərində daha da möhkəmlənir, qüdrətlənir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Azərbaycan tarixi Zəfərinin sevincini yaşamaqla yanaşı, 30 ilə yaxın dövrdə işğal altında qalan, ermənilər tərəfindən tamamilə yerlə-yeksan edilən torpaqlarının bərpasını, yenidən qurulmasını həyata keçirir. Hazırda azad Qarabağımız, azad Şuşamız dirçəldilir, yeni nəfəs verilir, soydaşlarımızın Böyük Qayıdışının tezliklə reallığa çevrilməsi üçün bütün işlər sistemli şəkildə həyata keçirilir. Hər bir uğurumuz Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı nailiyyət kimi dəyərləndirilir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü Azərbaycanı inkişaf etdirmək, imzasını imzalar arasında görmək istəyimizin nümayişi ilə xarakterizə olunur.  Ümummilli Lider hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil görmək istəyini atdığı addımları ilə təsdiqləyirdi.  Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin  Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və s. kimi mühüm addımlar bu günümüz üçün möhkəm təməl rolunu oynamışdır. Gələcəyimiz kimi dəyərləndirilən gənclərin hərtərəfli, bilikli, müasir dünyagörüşə malik, vətənpərvər yetişmələri dahi şəxsiyyətin düşünülmüş siyasətinin əsas prioritetləri sırasında olub. 

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar yaddaşlardadır, eyni zamanda, tariximizin qara səhifəsi kimi vərəqlənir. Azərbaycan müstəqilliyini itirmək, parçalanmaq təhlükəsini yaşayanda xalq öz xilaskarını hakimiyyətdə görmək istəyini ifadə etdi və ayağa qalxdı. Xalqının səsinə səs verən Ümummilli Lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı böyük bəlalardan, çətinliklərdən xilas etdi.  

Ulu öndər Heydər Əliyevin bütövlükdə həyatı, fəaliyyəti bir məktəbdir. Vətəninə, xalqına bağlı olan Ümummilli Liderin bütün soydaşlarımızı bir amal- azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırışı bu gün  hər birimizin fəaliyyətinin əsasını təşkil edir.  Bu gün fəxr hissi ilə qeyd edirik ki, hər bir azərbaycanlının qürur mənbəyi olan qalib Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır. Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi qalib Prezidenti olan xalq xoşbəxtdir.