YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir məmur xalqa xidmət etməlidir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Məlum olduğu kimi, Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Görüşdə dövlət başçısı olduqca mühüm məsələlərə toxunub, şəhid ailələri və qazilərə göstərilən qayğını ön plana çəkərək, mühüm tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr sadəcə qəbul etdiyi icra hakimiyyəti başçılarına deyil, bütün məmurlara, vəzifəli şəxslərə aid idi. Dövlət başçısı dəfələrlə qeyd edib ki, bütün vəzifəli şəxslər xalqın xidmətçisidir. Hər bir məmur xalqa xidmət etməlidir, vəzifəsini şərəflə yerinə yetirməlidir. Yeni icra başçılarını qəbul edən ölkə başçısı haqlı olaraq bildirib ki, ilk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır. İcra hakimiyyəti başçıları daim insanlarla təmasda olmalı, bütün kəndlərə getməli, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidir: “Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.

Prezident İlham Əliyevin toxunduğu məsələlərdən, verdiyi ən vacib tapşırıqlardan biri də şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqətin göstərilməsi ilə bağlı oldu. Danılmaz faktdır ki, şəhid ailələrinə, qazilərə xüsusi qayğıyla yanaşılır, onların hər bir problemi qısa zamanda həll edilir. Dövlət başçısı şəhid ailələri, qazilərin bu günə qədər həll edilən məişət problemlərindən söz açaraq, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilməsinin vacibliyini önə çəkib. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı, məşğulluğu ilə maraqlanmalıdırlar. Təyin olunan hər bir məmura yüksək etimad göstərildiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, onların rəhbərlik etdiyi sahələrdə vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır. Xüsusilə də şəhər-rayon icra hakimiyyətlərinin rəhbərləri həmin bölgənin əhalisinin qayğılarını öz qayğıları hesab etməlidirlər.

Prezident İlham Əliyevin toxunduğu ən mühüm məsələlərdən biri ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə oldu. Bəzi məmurların əyri yolla getdiyinə, rüşvət və korrupsiyaya bulaşdığına diqqət çəkən dövlət başçısı bildirib ki, bu gün həmin məmurlar bunun acısını çəkirlər. Məlum olduğu kimi, bu səbəbdən bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilib, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir. Prezidentin də söylədiyi kimi, bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Nə dövlət başçısı, nə Azərbaycan xalqı heç zaman imkan verməyəcək ki, kimlərsə ölkədə aparılan islahatlara və inkişafa kölgə salsın.